Siyasi fəallar Azərbaycan hökumətinin dissidentlərinə qarşı hərəkətindən narahatdırlar
Bloggerlər Avropa ölkələrindən ekstradisiya oluna bilər
Bəzi siyasi fəallar Azərbaycan Prokurorluğunun mühacirətdə olan bloggerlərə qarşı cinayət işləri açmasından narahat olduqlarını bildiriblər.
Müxalif siyasi fəallar deyirlər ki, hökumət ölkə daxilində vətəndaş cəmiyyətini sıradan çıxarıb və hazırda mühacirətdə olan siyasi fəalların fəaliyyətinə son qoymaq üçün addımlar atır.
Bununla əlaqədar mühacirətdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlı JAMnews-a bildirib ki, “Azərbaycanlı siyasi mühacirlərin – bloggerlərin və digərlərinin həyatı təhlükə altındadır, çünki Azərbaycan hakimiyyəti öz rəqiblərini susdurmaqda heç nədən çəkinmir”.
O, mühacirətdə olan bir neçə bloggerə qarşı cinayət işinin açılmasını ciddi təhlükə kimi qiymətləndirib.
Mühacirətdə yaşayan azərbaycanlı vəkil Səməd Rəhimli isə Toplum TV-yə açıqlamasında deyib: “İstintaqa cəlb olunmuşam. Hüquqi prosedura görə, növbəti addım istər İnterpol vasitəsilə, istərsə də Avropa Şurasının ekstradisiya konvensiyasına uyğun olaraq beynəlxalq həbs orderinin verilməsi ola bilər”.
Xatırladaq ki, martın 18-də Azərbaycan Baş Prokurorluğu Qabil Məmmədovu, Elşad Məmmədovu, Məmməd Mirzəlini və Qurban Məmmədovu terrorizmə çağırışda, konstitusiya quruluşunu devirməyə cəhddə və kütləvi iğtişaşlar təşkil etməkdə ittiham edib. Onlar Bakıya dindirilməyə çağırılıblar.
Milli Məclisin deputatı Elman Nəsirov martın 21-də bloggerlərin ekstradisiya ediləcəyinə əmin olduğunu bildirib və terrorçuluq ittihamlarının Avropa üçün də təhlükə yaratdığını söyləyib.