İqtisadçı ekspert Azərbaycanın istehsal sahəsində geridə qaldığını deyir
Natiq Cəfərli: keçmiş post-sovet ölkələrinə heç nə istehsal edib sata bilmirik
Respublikaçı Alternativ Partiyası REAL-ın sədri mövcud statistikalara istinadla Azərbaycan Respublikasının istehsal sahəsində inkişaf tempinin aşağı olduğunu bildirib.
Natiq Cəfərli özünün feysbuk hesabında yazıb: “Azərbaycanın əsas ixrac məhsulunun neft-qaz, neft məhsulları olduğunu artıq hamımız bilirik. Onu da demək lazımdır ki, Azərbaycan post-sovet ölkələrinə -Gürcüstan xaric - neft-qaz satmır, və ya, az həcmli neft məhsulları satır”.
İqtisadçı 2025-ci ilin yanvar-fevral ayları ilə bağlı idxal-ixrac rəqəmlərinə toxunaraq ölkə iqtisadiyyatının heç də yaxşı vəziyyətdə olmadığını vurğulayıb.
“Mənzərə belədir, post-sovet ölkələrinə ticarət saldosunda 6-0 uduzuruq, keçmiş post-sovet ölkələrinə heç nə istehsal edib sata bilmirik, neft-qaz ayıbımızı ümumən örtür, amma neft hasilatı və qiyməti düşür, qaz gəliri neft gəlirini əvəz edə bilmir-bilməyəcək, deməli bir müddət sonra neft-qaz ixracdakı boşluğu doldura bilməyəcək”, - deyə Natiq Cəfərli qeyd edib.
Onun fikrincə, istənilən hökumət üçün bu mənzərə utancverici olmalıdır, iqtisadi komandanın isə heç vecinə də deyil, rəqəmsiz, sübutsuz danışırlar, istənilən statistika isə özlərinə qarşı olur, sözlərini boşa çıxardır – çünki, iqtisadiyyatda bəyanatlar deyil, rəqəmlərin dili önəmlidir...