Ərdoğanın Çaldıran açıqlamasına ertiraz;
Azərbaycanlı politoloq Türkiyə liderini kürdlərlə bazarlıq etməkdə günahlandırır
Türkiyə prezidenti Rəcəb Təyyip Ərdoğanın Çaldıran döyüşünün nəticəsini türk, kürd və ərəblərin birgə zəfəri adlandırması Azərbaycanda acı təəssüf, eyni zamanda haqlı qəzəb doğurub.
Azərbaycanlı politoloq Xaqani Cəfərli bununla əlaqədar Facebook hesabı üzərindən paylaşdığı şərhdə yazır: “Əslində 511 il əvvəl baş vermiş Çaldıran döyüşü, ömründə bu haqda bir dənə belə kitab oxumamış Ərdoğanın yadına təsadüfən düşməyib. "Türkiyə yüzili"nin "türk-kürd yüzili"nə çevrilməsindən sonra Çaldıran döyüşünün yenidən yada düşməsi gözlənilən idi”.
Müəllifin fikrincə, Türkiyənin dövlət və siyasət adamları tərəfindən elan olunan "türk-kürd yüzili", PKK-nın qurucu lideri Abdullah Öcalanın müraciətinin mahiyyəti eynidir. Belə görünür ki, rəsmi Ankara Abdullah Öcalanın yeni kürd strategiyasını yəni bütün kürdlərin Türkiyə türkləri ilə bir federasiyada birlşməsini nəzərdə tutan fikirlərini Türkiyənin dövlət siyasətinə çevirib.
Xaqani Cəfərli hesab edir ki, Azərbaycanda çoxları Türkiyə ilə bağlı yanlış təsəvvürlərin içərisindədir. Tarixdən məlum olduğu kimi Çaldıran döyüşündə Səfəvilər Dövlətinin məğlubiyyətinin əsas səbəblərindən biri kürd tayfalarının xəyanat edərək Osmanlı tərəfinə keçməsi olub. Belə görünür ki, Ərdoğan hökuməti həmin xəyanətin əvəzini ödəməyə hazırlaşır. Əks halda, Çaldıran döyüşü türk, kürd və ərəbin ortaq zəfəri elan olunmazdı.