İyun 09, 2025 13:22 Asia/Baku
  • “Münasibətlər dostluğa, əlaqələr ümumi maraqlara əsaslanır”

Azərbaycan dövlətinin rəsmi mövqeyini ifadə edən nüfuzlu Xalq qəzeti Azərbaycan-İran münasibətlərinin dostluğa, əlaqələrin ümumi maraqlara əsaslandığını bildirib.

Qəzet iyunun 6-da dərc etdiyi məqalədə yazır: “İran Prezidenti Məsud Pezeşkiyanın Qurban bayramı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığını, sadəcə, diplomatik etiket jesti kimi qiymətləndirmək azdır. Bizim fikrimizcə, bu telefon zəngini Məsud Pezeşkiyanın Prezident kimi aprelin 28-də Azərbaycana ilk rəsmi səfərində başlanan səmimi dialoqun davamı hesab etmək olar. Təkcə səmimi qonşuluq münasibətləri ilə deyil, həm də qardaşlıq atmosferi ilə müşayiət olunan Bakı görüşlərinin son 30 ildə iki ölkə arasında münasibətlərdə müşahidə olunan enişli-yoxuşlu siyasi marafonun uğurlu mərhələsinə vəsilə olduğu heç kəsdə şübhə doğurmur”.

Məqalə müəllifinin fikrincə, Bakı ilə Tehran arasında siyasi dialoqun intensivləşdiyi, əlaqələrin müsbət məcraya yönəldiyi indiki mərhələdə, xüsusilə, enerji, ticarət və nəqliyyat sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Və hazırda Azərbaycan ilə İran arasında səmimi dialoq mühitinin mövcudluğu danılmaz faktdır. Bu dialoqa inam və səmiyyət ruhu qatan isə iki ölkənin rəhbəri arasında əməkdaşlıqdan, müttəfiqlikdən daha irəli gedən qardaşlıq münasibətləridir. İkitərəfli münasibətlərdə məhz bu amil Məsud Pezişkiyanın Bakı görüşlərində İlham Əliyevə “Əziz qardaşım!” müraciəti ilə özünü qabarıq şəkildə büruzə verdi.

Məqalənin sonunda bildirilir ki, İran və Azərbaycan arasında sağlam siyasi dialoqun yeni mərhələsi bölgə ölkələri üçün də müsbət nəticələr vəd edir. O mənada ki, qarşılıqlı anlaşma regionda hərbi-siyasi gərginliklərin aradan qaldırılmasına imkan verir. Məsələyə həm də mədəni və humanitar əlaqələrin inkişafı prizmasından yanaşılsa, məlum olur ki, ortaq tarixi və mədəni irsə malik iki xalq arasında yaxınlaşma daha da dərinləşir. Münasibətlərin davamlı və qarşılıqlı etimada əsaslanan şəkildə inkişafı yaxın gələcəkdə daha böyük layihələrin, regional təşəbbüslərin reallaşmasına zəmin yaradacaq.