ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib
Cənubi Qafqazda təhlükəsizlik arxitekturası dəyişə bilərmi? - TƏHLİL
ABŞ Ermənistan və Azərbaycan arasında nəqliyyat dəhlizinə nəzarət etməyi təklif etməklə regionda yeni sensasiya yaradıb. Birləşmiş Ştatlar yolu 100 illiyə icarəyə götürmək istədiyini bildirir.
ABŞ-ın Türkiyədəki səfiri Tom Barak cümə günü keçirilən brifinqdə jurnalistlərə deyib ki, bu addım guya Cənubi Qafqazın iki ölkəsi arasında uzun müddətdir dayanan diplomatik danışıqları irəlilətmək məqsədi daşıyır.
Barakın sözlərinə görə, ABŞ bu məsuliyyəti öz üzərinə götürməyi, 32 kilometrlik yolun ona yüz illik icarəyə verilməsini təklif edir ki, hər iki tərəf onu birgə istifadə edə bilsin.
Bununla əlaqədar formal olaraq neytral zəmanətçi qismində çıxış edən ABŞ Zəngəzura nəzarəti kommersiya şirkəti vasitəsilə həyata keçirməyi planlaşdırır.
Xatırladaq ki, Ermənistan və Azərbaycan mart ayında sülh sazişinin layihəsi üzrə razılığa gəlsələr də, Bakı həmin sazişi rəsmən imzalamazdan əvvəl bir neçə əlavə şərtin yerinə yetirilməsini tələb edir. Bu şərtlərdən biri Ermənistan Konstitusiyasına düzəliş edilməsi, orada Azərbaycan ərazisinə dair istinadların çıxarılmasıdır. Danışıqlarda əsas mübahisə mövzularından biri isə Zəngəzur dəhlizidir. Bakı bu dəhliz vasitəsilə əsas ərazisi ilə eksklavı olan Naxçıvan arasında birbaşa əlaqənin yaradılmasını istəyir. Lakin Ermənistan bu dəhlizin “Zəngəzur dəhlizi” adlandırılmasına etiraz edir.
Bu kontekstdə “Middle East Eye” portalı yazır ki, ABŞ-ın nəqliyyat dəhlizinə nəzarət etməyə dair təklifi reallaşmayacaq.
Qeyd etmək lazımdır ki, Ermənistan marşrutun hər hansı üçüncü tərəfə verilməsinə qəti şəkildə qarşı çıxaraq onun ərazisində heç bir dəhlizin fəaliyyət göstərməyəcəyini vurğulayıb.
Eyni zamanda İran İslam Respublikası da regionda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcəyini və sərhədlərin toxunulmaz olduğunu dəfələrlə aidiyyəti tərəflərin diqqətinə çatdırıb və bu xüsusda adekvat addımlar belə atmağa hazırdır.
Bu arada mühüm suallardan biri budur ki, Rusiya ABŞ-ın Zəngəzur Dəhlizini İcarəyə Götürmək Təklifinə Necə Yanaşacaq?
Aydın məsələdir ki, Rusiya 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata istinad edərək kommunikasiyaların təhlükəsizlik təminatçısı funksiyasını öz üzərinə götürməkdə israrlıdır. Rusiya "öz sülhməramlı kontingentini" və ya “FSB monitorinqini” ön plana çəkə bilər — ABŞ-ın rolunu kölgələmək üçün.