Sen 06, 2025 12:18 Asia/Baku
  • Azərbaycanın ŞƏT-ə üzvlüyünü biz bloklamadıq!

Hindistan bu yaxınlarda Çində keçirilən sammit zamanı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü əngəlləməklə bağlı ittihamlarını təkzib edib.

Bu məlumata əsasən, Yeni Dehli üzvlüklə bağlı qərarın vaxt məhdudiyyəti səbəbindən verilə bilmədiyini iddia edib.

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval bildirib ki, Ermənistan və Azərbaycan ŞƏT-ə üzv olmaq üçün müraciət ediblər, lakin vaxt məhdudiyyəti səbəbindən üzv dövlətlər bu məsələ ilə bağlı qərar qəbul edə bilməyiblər və məsələ hələ də nəzərdən keçirilir.

Qeyd edək ki, sentyabrın 1-də prezident İlham Əliyev Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edib.

Bu arada Azərbaycan mediaları yazırlar ki, bu ölkənin ŞƏT-ə üzvlüyünə məhz Hindistan veto qoyub.

Sonra isə belə bir məlumat da yayıldı ki, Azərbaycanın sözü gedən quruma üzv olmasını Hindistan deyil, Rusiya əngəlləyib.

Bakı Xəbər qəzetinin baş redaktoru Aydın Quliyev isə başqa versiya irəli sürübdür.

Onun fikrincə, bu məsələdə Hindistan Putinin göstərişi ilə belə bir addım atıb: “Çox təəssüf olsun ki, Rusiya prezidenti Vladimir Putinlə Hindistanın baş nazirinin görüşündən dərhal sonra Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü blokladı. Bu məsələdə böyük ehtimalla Hindistanın baş naziri Modi məhz Putin tərəfindən Azərbaycana qarşı təşviq olunub”, - deyə politoloq qeyd edib.