Sen 15, 2025 10:16 Asia/Baku
  • İşsizlik problemi niyə öz həllini tapmır? - TƏHLİL

Azərbaycan Respublikasında işsiz kimi qeydiyyata düşənlərin sayı artıb.

Məlumata əsasən, 2025-ci il sentyabrın 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 237 min nəfər olub.

Həmin rəqəmlərin təhlili göstərir ki, səkkiz aydıişsiz kimi qeydiyyata düşənlərin sayı 20 min artıb.

Müstəqil iqtisadçılar isə rəsmi işsizlərin sayı ilə bağlı rəqəmə şübhə ilə yanaşırlar. Onlar deyirlər ki, ölkədə faktiki işsizlər bu rəqəmdən daha çoxdur.

Azərbaycan iqtisadiyyatı son illərdə müəyyən inkişaf mərhələləri keçsə də, işsizlik problemi hələ də tam həllini tapmayıb. Əsas səbəblərdən biri ölkə iqtisadiyyatının uzun müddət neft gəlirlərindən asılı olmasıdır. Bu sahə dövlət büdcəsinə böyük vəsait gətirsə də, çoxlu sayda iş yeri yaratmır.

Digər tərəfdən, qeyri-neft sektorunun; xüsusən kənd təsərrüfatı və sənayenin ləng inkişafı məşğulluq imkanlarını məhdudlaşdırır. Regionlarda iş yerlərinin azlığı və maaşların aşağı olması da gəncləri paytaxta və ya xaricə miqrasiya etməyə məcbur edir.

Digər tərəfdən təhsil sistemi ilə əmək bazarı arasında uyğunluq problemi də diqqət çəkir. Gənclərin bir hissəsi ali məktəbi bitirdikdən sonra ixtisaslarına uyğun iş tapa bilmir.

Korrupsiya, inzibati maneələr və kiçik sahibkarlığa dəstəyin zəifliyi isə əlavə olaraq yeni iş yerlərinin yaranmasına əngəl törədir.

Mütəxəssislərin fikrincə, işsizliyin azaldılması üçün qeyri-neft sektorunun gücləndirilməsi, regionlarda iqtisadi fəallığın artırılması, gənclərin peşə hazırlığının bazar tələbinə uyğunlaşdırılması və şəffaf idarəçilik vacib şərtlərdir. Əks halda, işsizlik ölkə üçün uzunmüddətli sosial-iqtisadi problem olaraq qalacaq.