Sen 17, 2025 17:41 Asia/Baku
  • Əl-Cövlani hökuməti və İsrail nümayəndələri Bakıda görüşəcək - TƏHLİL

Bakıda Əl-Cövlaninin nəzarətində olan Suriya və İsrail arasında gələn həftə Bakıda təhlükəsizlik görüşü keçiriləcək.

APA-nın məlumatına əsasən, ABŞ-ın “Axios” nəşri xəbər verib ki, İsrail Suriyaya yeni təhlükəsizlik sazişi layihəsi təqdim edib.

Yeni təklifə görə, Dəməşqin cənub-qərbindən İsrail sərhədinədək olan ərazi üç zonaya bölünəcək. Hər zonada Suriyaya müəyyən miqdarda hərbi qüvvə və silah saxlamağa icazə veriləcək. Sənəd həmçinin Suriya tərəfindəki bufer zonanın əlavə 2 kilometr genişləndirilməsini nəzərdə tutur.

Bu plana əsasən sionist İsrail ötən aylarda işğal etdiyi strateji əhəmiyyətli Şeyx dağı zirvəsindəki mövqelərini saxlayacaq.

Xatırladaq ki, hazırda bütün İslam dünyası Sionist rejimlə ən gərgin mərhələsini yaşayır. Qəzzədə, Qüdsdə, Suriyada və bütün bölgədə İsrailin işğal və cinayət siyasətinin davam etdiyi bir vaxtda Azərbaycan hökumətinin Suriya ilə İsrail arasında “vasitəçilik” təşəbbüsü bəri başdan həm Türkiyəyə, həm İrana, həm də bütövlükdə İslam dünyasına arxadan vurulan zərbə kimi qiymətləndirilir.

Əslində İslam həmrəyliyi yalnız şüar deyil, bu gün ümmətin varlığını qoruyan ən mühüm prinsipdir. Azərbaycan hakimiyyətinin addımı isə bu prinsipin açıq şəkildə pozulmasıdır. Çünki İslam aləmi xunta rejimlə münasibətlərin dondurulması və təcridi üçün mübarizə apararkən, Bakının vasitəçi rolu Sionistlərin legitimləşməsinə xidmət edir. Bu isə şübhəsiz İslam birliyini zəiflədən, düşmənə nəfəs verən bir siyasətdir.

Qəribə əhvalat yaranıb: Türkiyə regionda İsrailə qarşı sərt mövqe sərgiləyərkən, Bakının əks istiqamətdə addımlar atması “qardaş ölkə” ilə qardaşlıq bağlarına zərbə vurur. Digər tərəfdən, İranın İslam həmrəyliyi mövqeyi də açıqdır – Tehran həmişə Fələstin məsələsini ümmətin prioriteti sayır. Azərbaycan hökumətinin Suriyə–İsrail “dialoqu” adı altında bu xətti pozması, əslində, İranın da mövqeyinə qarşı hərəkət kimi görünür.

Aydın məsələdir ki, vasitəçilk cəhdləri işğalçı rejimin mövqeyini daha da gücləndirəcək və rejim müsəlman xalqlara qarşı yeni hücumlar üçün fürsət əldə edəcək. Beləliklə də Azərbaycan hökumətinin bu prosesə töhfə verməsi regionda sabitliyi daha da sarsıdır.