Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş şəxsin həbsi medianın gündəmindən düşmür
SOCAR qalmaqalı təsadüfi ola bilməz – AKTUAL
Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş şəxsin həbsi medianın gündəmindən düşmür.
Cam-Nyus portalı yazır: Azərbaycanın idarəçilik sistemində çoxdan müşahidə olunan bir tendensiya var: prezident İlham Əliyevin icazəsi, təsdiqi və nəzarəti olmadan yüksək vəzifəli şəxslərin əməkdaşlıq və hətta gizli fəaliyyətlə məşğul olması qeyri-mümkündür. Ona görə də Adnan Əhmədzadə kimi məmurun illərdir SOCAR kimi strateji bir strukturun rəhbərliyində olduğu halda belə ağır ittihamlarla üzləşməsi təsadüfi sayıla bilməz.
İttihamlar təsdiqini taparsa, prezident və onun ailəsinə yaxınlığı inkar edilə bilməyən şəxs “satqın” kimi təqdim oluna bilər.
Əgər məsələ doğrudan da Rusiyanın iştirakının izləri ilə bağlıdırsa, o zaman Əhmədzadə beynəlxalq qalmaqalın siyasi və iqtisadi nəticələrini ört-basdır etmək üçün günah keçisi kimi seçilə bilər.
Müəllif onu da qeyd edir ki, sədaqət İlham Əliyev üçün əsas meyardır. Əhmədzadə siyasi rəhbərliyə sadiqliyini qoruyub saxlasa, həbsdən sonra hətta daha yüksək statuslu vəzifə və ya maddi təzminatla mükafatlandırıla bilər.
Beləliklə, Əhmədzadənin taleyi həm Azərbaycanın daxili idarəetmə mexanizmlərinin, həm də ölkənin Rusiya ilə münasibətlərinin və beynəlxalq enerji bazarlarında mövqeyinin mühüm göstəricisinə çevrilib.
Hələlik nə Bakı, nə də Moskva Əhmədzadə ilə bağlı deyilənləri rəsmən təsdiq və ya təkzib etməyib.
Xatırladaq ki, 2015-ci ildə prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın marketinq və satış şöbəsinin müdiri Adnan Əhmədzadəni neft sənayesində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edib.