Okt 08, 2025 14:08 Asia/Baku
  • Mütəxəssislər böhranın qarşısını almaq üçün regional əməkdaşlığa çağırır

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni hesabatında bildirib ki, Xəzər dənizinin Azərbaycan sahillərində suyun çirklənmə səviyyəsi artmaqdadır.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatında qeyd olunub ki, neft mənşəli maddələrin, ağır metallarin və sənaye tullantılarının miqdarı, xüsusilə Abşeron və Sumqayıt ərazilərində, son bir il ərzində 20 faizdən çox artıb.

Nazirliyin araşdırmalarına görə, təmizlənməmiş şəhər və sənaye tullantılarının birbaşa dənizə axıdılması, eləcə də ekoloji standartlara əməl olunmadan həyata keçirilən neft hasilatı bu çirklənmənin əsas səbəbləridir.

Mütəxəssislərin fikrincə, Xəzər dənizində artan çirklənmə təkcə su bioresurslarını deyil, həm də dəniz ekosistemini və bölgə əhalisinin dolanışığını ciddi təhlükə altına alır.

BMT-nin Ətraf Mühit Proqramı isə ayrı bir hesabatda xəbərdarlıq edib ki, Azərbaycanın sahil bölgələrində neft çirklənməsi Xəzər suitisinin sayının azalmasına və onun təbii yaşayış mühitinin bir hissəsinin məhv olmasına səbəb olub.

Mütəxəssislər vurğulayırlar ki, Xəzərin ekoloji böhranının qarşısını almaq yalnız sahilyanı ölkələrin birgə əməkdaşlığı ilə, xüsusilə də Azərbaycan Respublikasının qonşuları — İran, Rusiya, Qazaxıstan və Türkmənistanla daha sıx əməkdaşlıq etməsi ilə mümkündür.

Onların fikrincə, çirklənmənin monitorinqi, məlumat mübadiləsi və birgə ekoloji layihələrin həyata keçirilməsi üçün daimi regional komitənin yaradılması Xəzərin dayanıqlığının qorunması istiqamətində ilk praktik addım ola bilər.

Azərbaycanın Ekologiya Nazirliyi hesabatın sonunda su təmizləyici qurğularının yenilənməsi və neft tullantılarının azaldılması məqsədilə bir neçə yeni layihənin həyata keçirildiyini açıqlayıb. Lakin mütəxəssislər bildirirlər ki, regional səviyyədə koordinasiyalı tədbirlər görülmədiyi halda bu səylər kifayət etməyəcək və Xəzər ekosistemi ciddi təhlükə ilə üz-üzə qalacaq.