Okt 11, 2025 11:52 Asia/Baku
  • Əliyevin təriflədiyi ABŞ prezidenti niyə nakam qaldı? – TƏHLİL

Azərbaycan prezidentinin, barəsində xeyli təriflər yağdırdığı Donald Tramp özünü nə qədər reklam etsə də, Nobel Sülh Mükafatına layiq görülmədi.

2025-ci ilin avqust ayında ABŞ-da keçirilən Bakı–İrəvan sammiti zamanı İlham Əliyev bildirdi ki, o və Ermənistanın baş naziri Nikol Paşinyan Trampı birgə olaraq Nobel Sülh Mükafatına namizəd göstərməyi razılaşdırıblar.

Əliyev demişdi ki, Tramp bu mükafata əslində layiqdir və onun fəaliyyəti Afrika, Asiya və Cənubi Qafqazda möcüzələr etmişdir.

O, əlavə etmişdi ki, Trampın xarakteri sülh istəyən bir xarakterdir və o, ənənəvi Qərb lideri obrazına uyğun gəlmir.

Göründüyü kimi, bu ifadələrdə Əliyev Trampı barış quruculuğu rolunda görür və onun diplomatik fəaliyyətini yüksək qiymətləndirir. Lakin, nəzərə almaq lazımdır ki, Nobel komitəsi müstəqil qərar verir.

Digər tərəfdən, tənqidçilər belə iddia edirlər ki, Trampın beynəlxalq siyasətdə davranışları, bəzi hallarda konflikt artırıcı meyilləri və qeyri-sabit qərarları nəzərə alınarsa, o haqlı olaraq Nobel mükafatına layiq deyil idi. Xüsusilə də Tramp özünün bəzi siyasətlərində qarşıdurma yönümlü mövqe götürməsi ilə tanınır. Və bu adam sülhə nəinki töhfə verməyib, əksinə Qəzzə kimi dəhşətli böhranda işğalçı İsrail rejimə letal silahlar verməklə onun fələstinlilərə qarşı soyqırımını bir az da qızışdırıb.

Eyni zamanda Trampın bəzi çıxışlarında və siyasətlərində mövcud beynəlxalq normlara meydan oxuyan davranışlar hələ də müşahidə edilir. Ona görə də Əliyevin tərifləri uzaqbaşı diplomatik jest kimi qəbul olunur, hətta o da istisna deyil ki, Azərbaycanın dövlət başçısı Düşənbədə rusiyalı həmkarı ilə dil tapdıqdan sonra Trampa qarşı ritorikasını dəyişəcək.