Bakı və Moskva münasibətlərində yeni səhifə
Əliyev–Putin görüşünü necə qiymətləndirmək olar? – TƏHLİL
Oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən təkbətək görüş, iki ölkə arasındakı diplomatik böhranın həlli istiqamətində ciddi addım kimi qiymətləndirilir.
Əliyev-Putin görüşünün nəticəsi olaraq, iki ölkə arasında yaranmış böhranın aradan qaldırılmasına start verilmişdir, lakin münasibətlərin tam normallaşması üçün daha çox əməkdaşlıq və qarşılıqlı anlayış tələb olunur.
Deputat Azay Quliyev AZƏRTAC agentliyinə müsahibəsində prezidentlərin görüşünü müsbət dəyərləndirərkən deyib ki, Azərbaycanla yalnız qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və dostluq əsasında münasibətlər qurmaq mümkündür.
Diplomatik mənbələrə görə, liderlər Tacikistan paytaxtında keçirilən görüşdə hərbi koordinasiyanın bərpası, istintaq işlərinin şəffaf aparılması və iqtisadi əməkdaşlığın davamı barədə razılığa gəliblər.
Şübhəsiz ki, sözü gedən görüş barış siqnalı kimi dəyərləndirilə bilər. Politoloq Rauf Məmmədov bildirir ki, “Hər iki tərəf bu münasibətləri saxlamaqda maraqlıdır: Bakı üçün regional təhlükəsizlik, Moskva üçün Cənubi Qafqazda nüfuz amili xüsusi əhəmiyyət kəsb edir.”
Hazırda siyasi ritorika yumşalır, iqtisadi əlaqələr bərpa olunur. Lakin Yekaterinburq hadisələrinin hüquqi nəticələri və təyyarə insidentinə görə məsuliyyət məsələsi hələ də açıq qalır. Analitiklərə görə, bu məsələlər həll olunmadan münasibətləri tam “normallaşmış” saymaq hələ tezdir.
Buna baxmayaraq, Düşənbə görüşü Moskva–Bakı münasibətlərində yeni bir səhifənin başlanğıcı ola bilər; ehtiyatlı, amma qarşılıqlı faydaya əsaslanan bir mərhələ.
Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan hakimiyyəti bəlkə də yenidən balanslaşdırılmış xarici siyasətə qayıdır və bu istiqamətdə Rusiya ilə ixtilafların diplomatik yollarla həllinə ümid edir. Kreml isə hesab edir ki, Bakı ilə əlaqələrində yaranmış problemdən Tramp hökuməti öz nüfuz dairəsini genişləndirmək üçün sui-istifadə etməkdədir. Buna görə də Qərbin müdaxiləsini önləmək üçün istər Azərbaycanla, istərsə də Ermənistanla dil tapmaq zəruridir və təsadüfi deyil ki, rəsmi Moskva son aylarda bu ilə ölkəyə yanaşmasında özündən xeyli təmkinlik nümayiş etdirir.