Okt 17, 2025 13:06 Asia/Baku
  • Gerçəkdənmi onu Putin satıb? – Aktual şərh

Azərbaycan hakimiyyətinə bağlı xəbər mənbələri bildirirlər ki, Ramiz Mehdiyevin dövlət çevrilişi planı heç də Rusiyanın işi deyil, bu məsələ yalnız onun öz təşəbbüsüdür.

Siyasi təhlilçi Fuad Qəhrəmanlı bununla bağlı şərhində yazır: “Sən demə, 87 yaşlı qoca belə bir plan hazırlayıb, göndərib Putinə. Putin də Düşənbə görüşündə bu barədə İlham Əliyevə məlumat verib. İrəli sürülən iddiadan belə məlum olur ki, əslində ortada dövlət çevrilişi cinayəti ilə bağlı hər hansı hazırlıq, təşkilatçılıq, iş bölgüsü, iştirakçılar olmayıb. O boyda hay-küydən sonra məsələnin bu cür qoyuluşu nə qədər qeyri-ciddi görünsə də, məqsəd prosesi Ramiz Mehdiyevin hazırladığı “çevriliş planı” mətni ilə lokallaşdırıb yalnız onun özünü hədəfə çevməkdir”.

Maraqlı və paradoksal cəhət odur ki, Putin Ramiz Mehdiyevin planını qəbul etməsəydi belə, onu niyə İlham Əliyevə verib, özünün 5-ci kolonunu açıq hədəfə çevirirdi ki? Bunu kim və hansı dövlət, hansı ağılla edər? Cırtdanın nağılı bu deyilənlərdən daha inandırıcı görünür. Ona görə də Ramiz Mehdiyevin planını Putinin İlham Əliyevə verməsi çiy söhbətdir.

Şərhçinin fikrincə, Rusiyanı Ramiz Mehdiyevin çevriliş planından kənarda saxlamaq istəyirlər. Bu işin yeganə "uğuru" odur ki, Azərbaycan hakimiyyəti 22 ildən sonra "operativ" davranib 87 yaşlı Ramiz Mehdiyevi Əzraildən qabaq tutub.