Okt 20, 2025 14:47 Asia/Baku
  • Keçmiş oliqarx – məmurun səs yazısı yayılıb - AKTUAL

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ölkə başçısının siyasətlərinə münasibət bildirməkdən boyun qaçırıb.

Manset.az-ın suallarını cavablandırarkən jurnalistin ona "Cənab Prezident böyük uğurlar əldə etdi və bütün Qarabağ işğaldan azad edildi" sualına Ramiz Mehdiyev "Onunla bağlı mənə sual verməyin" deyə bildirib.

Yeni Müsavat qəzeti bu audio yazıdan belə qənaətə gəlib ki, indiki vəziyyətdə Mehdiyevin bu cavabı onu göstərir ki, o, Azərbaycanın və dövlət rəhbərinin apardığı siyasətə qarşı olub, əldə edilmiş uğurlar, nailiyyətlər və bütün dünyanın qəbul etdiyi möhtəşəm Qarabağ zəfəri onu narahat edib.

Bu arada qeyd olunur ki, oliqarx – məmur təbəqəsinin tanınmış nümayəndələrindən olan və həbsi gözlənilən keçmiş xarici işlər naziri Elmar Məmmədyarov TV Müsavatın “Bazar Xəbər” verilişində aparıcının sualına cavab verərək, adının Ramiz Mehdiyevin komanda üzvü kimi hallandırılmasına münasibət bildirib.

O deyib: “Ramiz Mehdiyev Prezident Administrasiyasından çıxandan sonra mənim onunla heç bir əlaqəm olmayıb. Nə telefon zəngi, nə cib telefonu, nə ev telefonu, nə salaməleyk. Heç bir ünsiyyətim olmayıb. Mən belə başa düşürəm ki, kimin qarın ağrısı varsa, öz başından nələrsə uydurur və bu zaman da hansısa görkəmli adamların adını çəkməyə çalışırlar. Yəni, öz adları siyahıda çıxmasın deyə, yalandan bizim adımızı hallandırırlar”.

Bəzi şərhlərə görə Azərbaycanda klanlararası savaşın həlledici mərhələyə daxil olması ilə gələcək günlərdə köhnə elita nümayəndələrinin istintaqa cəlb olunması gözlənilir. Bununla əlaqədar daha çox Əli Həsənov, Eldar Mahmudov, Səfər Əbiyev, Əbülfəs Qarayev və Elmar Məmmədyarov kimi şəxslərin adları hallanır. Məqsəd hakimiyyətdaxili hesablaşmanı yekunlaşdırmaqdır.