Köhnə klanın xaç atası ilə bağlı tezislər şübhəli görünür
Ramiz Mehdiyevə aid oldu bildirilən məktub saxtadırmı? - TƏHLİL
Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək üçün guya Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə ünvanlandığı məktub yayılıb. Lakin bu məktubun həqiqətən ona məxsus olduğuna çox az adam inanır.
Müşahidəçiləri düşündürən əsas məqam budur ki, rus dilində qələmə alınmış məktub konkret olaraq kimə yazılıb? Azərbaycan mediasının yaydığı məktubda bu kimi suala cavab yoxdur. Hələ üstəlik, məktubun sonunda Ramiz Mehdiyevin imzası da gözə dəymir.
Müşahidəçilər onu da qeyd edirlər ki, əgər bu məktub həqiqətən də Rusiyaya ünvanlanıbsa, müəllif konkret olaraq rəsmi Moskvadan nə istəyir? Məktubda bu suala cavab yoxdur.
Digər tərəfdən mətn akademik-dövlət sənədi üslubunda deyil, daha çox publisistik və siyasi bəyanat tərzində yazılıb. Halbuki, Ramiz Mehdiyevin yazı tərzi, xüsusilə rəsmi çıxışlarında, mürəkkəb elmi-analitik cümlələrlə, terminoloji dəqiqliklə fərqlənir.
Məktubda eyni zamanda Parlament Respublikası modelinə keçid təklifi verilir. Halbuki Ramiz Mehdiyev uzun illər Prezident idarə üsulunun ideoloqlarından biri kimi tanınıb. Ona görə də, bu qədər radikal siyasi dönüş onun keçmiş mövqeyi ilə ziddiyyət təşkil edir.
Bütövlükdə, sözü gedən məktub, dil və məzmun baxımından Ramiz Mehdiyevin tipik üslubuna uyğun gəlmir; Təklif edilən idarəetmə modeli real elmi və hüquqi məntiqlə ziddiyyət təşkil edir və siyasi kontekstə görə keçmiş məmuru günah keçisinə çevirmək məqsədini güdə bilər.
Reallıq belədir ki, klanlararası savaş həssas mərhələyə daxil olaraq, naxçıvan-ermənistan klanını bitirmək üçün müvafiq plan həyata keçirilir. Bu istiqamətdə istintaqın gedişinə uyğun olaraq, gələcək günlərdə hətta vəzifədən azad edilmiş keçmiş fiqurların da həbsi gözlənilir. Rusiya faktoru isə bu məsələdə sadəcə olaraq gözdən pərdə asmaqdan başqa bir şey deyil. Məhz bu səbəbdən Rusiyanın hakimiyyət orqanları Ramiz Mehdiyevin Kremlə məktub yazması və dövlət çevrilişi üçün qonşu ölkənin rəhbərliyindən kömək istəməsi barədə iddialara münasibət bildirməyi lüzumsuz görürlər.