Noy 05, 2025 13:33 Asia/Baku
  • Əliyevin Sevan açıqlaması erməniləri hiddətləndirdi - AKTUAL

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistanda çox sayda yer adının Azərbaycan mənşəli olduğunu iddia edib. Bu açıqlamaya Ermənistanda həm hökumət rəsmiləri, həm də analitiklər reaksiya veriblər.

Parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib: “Əgər tarixə dərindən baxsaq, müəyyən bir dövrdə köhnə xəritələrdə Sevan adı görünmür. Bunun yerinə Geğam və ya Geğarkunik Dənizi adı var. Həmin dövrdə Azərbaycan isə yox idi. Lakin keçmişə qayıtmağa dəyməz, irəliləməliyik. 8 avqust bəyanatının mahiyyəti də budur."

Milli Məclisin spikeri Alen Simonyan isə bu açıqlamaların sülhə xidmət etmədiyini və Azərbaycanın daxili auditoriyasına yönəldiyini vurğulayıb: “Əgər biz tarixi araşdırmalara başlasaq, bəlkə də bir gün öz yurdumuzu Altayda taparıq. Məncə, bu bəyanat sülh prosesi ilə ziddiyyət təşkil edir”.

Ermənistanın Baş Naziri Nikol Paşinyan da bu məsələyə beynəlxalq bir konfransda münasibət bildirib. O, Bakının bu cür bəyanatlarının 30 illik münaqişənin psixoloji gərginliyindən qaynaqlandığını qeyd edib: "Politik olaraq münaqişə bitdi. Lakin sosial və psixoloji təsirləri sürətlə dayandırmaq mümkün deyil”.

Xatırladaq ki, prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı  bildirib: “Biz tarixi torpaqlarımıza tanklarla deyil, avtomobillə qayıtmalıyıq. Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb”.