Azərbaycana sanksiya çağırışı;
ABŞ Konqresi bu ölkə rəsmilərinə qarşı hərəkətə keçir
ABŞ Konqresində Bakıya qarşı sanksiyaları nəzərdə tutan yeni qanun layihəsi hazırlanır.
Bu barədə İnsan Haqları Komissiyasının həmsədri, Nyu-Cersi ştatından respublikaçı Kris Smit “2025 Azərbaycan Demokratiya Aktı” adlanan sanksiya paketini yaxın günlərdə təqdim edəcəyini açıqlayıb. Layihə yüksək vəzifəli Azərbaycan rəsmilərinə qarşı ABŞ-dakı aktivlərin dondurulmasını və viza qadağalarını nəzərdə tutur.
Kyiv Post-un əldə etdiyi ilkin sənəddə 35 yüksək vəzifəli şəxsin adı yer alır.
Qanun layihəsinin bir maddəsində qeyd edilir ki, ABŞ Prezidenti “Azərbaycanın demokratik institutlarını sarsıdan addımlardan şəxsi fayda götürən rəsmilərin bütün əmlak və mülkiyyət maraqlarını bloklamalıdır”.
Bu arada qeyd olunur ki, Dövlət Departamenti Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimlinin həbsi və müxalifət nümayəndələrinə, eləcə də hakimiyyətin tənqidçilərinə qarşı artan təzyiqlərlə bağlı hələlik heç bir açıqlama verməyib. İnsan haqları təşkilatları və media qurumlarının sorğuları isə cavabsız qalıb.