Azərbaycanın Qəzzə missiyasına qatılmaması İsraildə məyusluqla qarşılanır
Sionistlər Bakıdan dilxor olublar
Sionist nəşr Azərbaycan Respublikasının Qəzzə missiyasına qatılmaqdan imtina etdiyinə görə məyusluq ifadə edib.
Haaretz qəzeti yazır: “Azərbaycan Qəzzə zolağı üçün ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq sabitləşdirmə qüvvəsində iştirak üçün ideal ölkə hesab olunurdu. Lakin Bakı Qəzzə mövzusundan və ümumilikdə İbrahim Razılaşmalarına qoşulmaqdan uzaq durmağa meyllidir”.
Məsələyə yaxın mənbələr Haaretz-ə bildiriblər ki, Azərbaycan İsraillə diplomatik əlaqələrinə baxmayaraq, Qəzzədə yaradılması planlaşdırılan beynəlxalq sabitləşdirmə qüvvəsinin (ISF) tərkibində yer almağı planlaşdırmır.
Haaretz-in əldə etdiyi məlumata görə, Azərbaycan ABŞ-ın təşəbbüsü ilə Qətərdə keçirilən və beynəlxalq sabitləşdirmə qüvvəsinin əsaslarının hazırlanmasına həsr olunmuş konfransda da iştirak etməyib, halbuki dəvət olunmuşdu.
Mənbələr əlavə ediblər ki, ABŞ-ın bu mövzuda fəal müzakirələr aparmasına dair xəbərlərə baxmayaraq, Azərbaycan yaxın perspektivdə İbrahim Razılaşmalarına qoşulmağı da planlaşdırmır.
Diplomatik mənbələrdən Haaretz-in əldə etdiyi siyahıya görə, Doha konfransına qatılmaqdan imtina edən yeganə ölkə Azərbaycan olmayıb. Təxminən 15 ölkə nümayəndə göndərməyib. Bunlara Türkmənistan və Tacikistan kimi Mərkəzi Asiya ölkələri, Belçika, Rumıniya və Estoniya kimi bir sıra Avropa dövlətləri, həmçinin Cənubi Koreya və Nepal kimi Şərqi Asiya ölkələri daxildir.
Azərbaycanın sabitləşdirmə qüvvəsinə qoşulması ehtimalı ilk dəfə ötən ay BMT Təhlükəsizlik Şurasında, ABŞ prezidenti Donald Trampın müharibəni dayandırmaq planını dəstəkləyən qətnaməyə səsvermədən az əvvəl gündəmə gəlib. Müzakirələr zamanı ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts Qəzzə zolağına qüvvə göndərə biləcək ölkələr sırasında Azərbaycan və İndoneziyanın adını çəkib.
Haaretz bildirir ki, Azərbaycan Türkiyə və İsraillə yaxşı münasibətlərinə görə sabitləşdirmə qüvvəsi üçün uyğun namizəd hesab olunurdu. Doha konfransında iştirakdan imtina etməsi isə Bakının riskə getməkdən yayınmaq istədiyini göstərir.