Dek 27, 2025 11:39 Asia/Baku
  • Partiya sədri: Hökumətin verdiyi izahlar yalnız bəhanədir

REAL Partiyasının sədri Natiq Cəfərli yazır ki, quru sərhədlərin 2026-cı ilin aprelinə qədər bağlı qalmasının nə AZAL qazancı, nə təhlükəsizlik, nə də valyuta çıxışı ilə real izahı var. Səslənən bütün arqumentlər əsassızdır.

Azərbaycanda quru sərhədlərin bağlı qalması artıq təkcə inzibati qərar deyil, ciddi sosial, iqtisadi və psixoloji problemə çevrilib. REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, bu məhdudiyyətin ən azı 2026-cı ilin 1 aprel tarixinə qədər davam edəcəyi görünür və vətəndaşların konstitusion hüquqları qeyri-konstitusion “Operativ Qərargah” adlı qurum tərəfindən faktiki olaraq məhdudlaşdırılır. Bu vəziyyət isə ölkə adına açıq-aydın ayıbdır.

Cəfərli əlavə edib ki, indiyə qədər quru sərhədlərin bağlı qalması ilə bağlı üç əsas səbəb irəli sürülüb, lakin onların heç biri reallığa davam gətirmir.

Onun sözlərinə görə, təhlükəsizlik məsələsini arqument kimi göstərmək Azərbaycan dövləti üçün ən zəif və utancverici izahdır.

“Ordumuz və təhlükəsizlik qurumlarımız güclüdürsə, bizdən qat-qat zəif olan Gürcüstan və Ermənistan niyə sərhədlərini bağlamayıb? Hətta müharibə şəraitində olan Ukrayna belə quru sərhədlərini bağlamayıb”, – deyə Cəfərli vurğulayıb.

Partiya sədri qeyd edib ki, quru sərhədlərin bağlı qalması təkcə iqtisadi yox, sosial və psixoloji fəsadlar da yaradır. Xüsusilə Gürcüstanda yaşayan yüz minlərlə azərbaycanlı son beş ildə ciddi çətinliklərlə üzləşib.

Cəfərli sonda deyib: “Səsləndirilən bütün izahlar bəhanədən başqa bir şey deyil və quru sərhədlərin bağlı qalması Azərbaycan cəmiyyəti üçün açıqlanmayan böyük bir sirr olaraq qalmaqdadır”.