Yan 01, 2026 16:59 Asia/Baku
  • Aztəminatlı ailələr üçün qaz və işıq bahalaşır - AKTUAL

İqtisadçı Samir Əliyev qaz və elektrik enerjisi üzrə tətbiq edilən aylıq sabit tarif mexanizminin əsas yükünün aztəminatlı ailələrin üzərinə düşdüyünü bildirib.

İqtisadçının sözlərinə görə, sabit tarif bu əhali qrupu üçün faktiki olaraq yüksək tarif deməkdir.

Samir Əliyev xatırladıb ki, 2025-ci ilin yanvarından etibarən təbii qaz üzrə illik istehlakı 1200 kubmetrə qədər olan hissə üçün tarif 12,5 qəpik müəyyən edilib. Bu, rəsmi olaraq aztəminatlı ailələri qorumaq məqsədi daşıyan ən aşağı tarifdir. Bu kateqoriyaya daxil olan abunəçilər il ərzində 1200 kubmetr qaz üçün 150 manat ödəyir. Lakin 2026-cı ildə əlavə tarif artımı olmasa belə, sabit aylıq ödənişlər hesabına həmin ailələrin illik xərci 162 manata yüksələcək. Bu isə o deməkdir ki, faktiki olaraq 1 kubmetr qazın qiyməti 13,5 qəpik olacaq.

İqtisadçının hesablamalarına görə, bu, əhalinin təxminən 48%-i üçün tarifin real olaraq ən azı 8% artması deməkdir.

Ekspert bildirir ki, oxşar vəziyyət elektrik enerjisi tariflərində də yaranır. Aylıq istehlakı 200 kVt/s-a qədər olan hissə üçün tarif 8,4 qəpik olsa da, sabit tarif səbəbindən bu qrupun aylıq xərci 16,8 manatdan 17,8 manata yüksəlir.

Samir Əliyev vurğulayır ki, adından asılı olmayaraq, 2026-cı ildə “qənaətcil” ailələr üçün qaz tarifləri ən azı 8%, elektrik enerjisi tarifləri isə ən azı 6% artmış olacaq.

Nəticə etibarilə, əhalinin 48%-i qaz, 65%-i isə elektrik enerjisi üzrə faktiki olaraq daha yüksək tarif ödəməli olacaq.