Yan 01, 2026 17:20 Asia/Baku
  • Prezident İlham Əliyev xalqa müraciət edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Yeni il münasibətilə müraciətində bildirib ki, ölkənin valyuta ehtiyatları 80 milyard dolları keçərək tarixi rekord həddə çatıb, xarici dövlət borcu isə Ümumi Daxili Məhsulun (ÜDM) cəmi 6,3 faizini təşkil edir.

Dövlət başçısı vurğulayıb ki, ölkənin valyuta ehtiyatları xarici borcu 16 dəfə üstələyir və bu göstəricilər beynəlxalq reytinq agentlikləri tərəfindən də müsbət qiymətləndirilib.

Rəsmi açıqlamalardan bu göstəricilər iqtisadi uğur kimi görünsə də, gündəlik həyat bu nikbinliyin əksini göstərir. 2025-ci ilin sonunda Azərbaycanda Aİ-92 benzininin və dizel yanacağının qiyməti artırılıb, paralel olaraq elektrik enerjisi, qaz və digər kommunal xidmətlər üzrə tariflər yüksəlib. Bu bahalaşmalar zəncirvari təsir yaradaraq nəqliyyat xərclərini, ərzaq qiymətlərini və xidmət sektorunu da bahalaşdırır.

Müstəqil iqtisadçılar deyirlər ki, ilin 11 ayında ÜDM artımı cəmi 1,6 faiz təşkil edib və bu, real iqtisadi canlanma hesab edilə bilməz. Artım daha çox maliyyə ehtiyatlarının yığılması və neft gəlirləri ilə bağlıdır, istehsal və qeyri-neft sektorunda isə ciddi dönüş yoxdur. Eyni zamanda əgər dövlətin valyuta ehtiyatları rekord səviyyədədirsə, niyə hökumət benzin, dizel və kommunal xidmətlər hesabına büdcəni doldurmaq istəyir?

Beləliklə də, yeni il müraciətində bahalaşma mövzusu demək olar ki, toxunulmaz qalıb: Valyuta var, amma həyat ucuzlaşmır.