Deputatdan sərhədlərin bağlı qalması ilə bağlı gülünc açıqlama:
“Soydaşlarımızın Azərbaycana kütləvi axını ilə üzləşə bilərdik!” - TƏHLİL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Oruc hakimiyyətin sərhədləri bağlı saxlamasını əsaslandırmağa çalışmaqla özünü gülünc vəziyyətə salıb.
Parlamentin İnsan Hüquqları Komitəsinin sədri, deputat Zahid Oruc qanunvericilik orqanının 17 dekabrdakı iclasında deyib: “Sərhədlərimiz açıq olsaydı, İ*sr#il–İran qarşıdurmasında soydaşlarımızın Azərbaycana kütləvi axını ilə üzləşə bilərdik”
Müşahidələrə görə, Ramiz Mehdiyev işi üzrə adı hallanan və keçmiş Prezident Aparatının sədri Ramiz Mehdiyevin xeyir-duası ilə deputat seçilən Zahid Orucun bu açıqlaması və mövcud iqtidarın sərhəd siyasətini tərifləməsi onun özünü sığortalamaq cəhdindən irəli gəlir və irəli sürdüyü iddia siyasi manipulyasiyadan başqa bir şey deyil.
Birincisi, ona görə ki, İran azərbaycanlılarının tarixi davranışı bu iddianı təkzib edir. Müharibə, sanksiya və xarici təzyiqlər dövründə İran azərbaycanlıları heç vaxt ölkəni tərk etməyib, əksinə dövlətin və torpağın müdafiəsində ön sıralarda yer alıblar. Bütün iranlılar üçün Müqəddəs Müdafiə kimi xarakterizə olunan İran–İraq müharibəsi bunun ən açıq sübutudur. Bunu nəzərə alaraq, “kütləvi qaçış” iddiası İran tarixini və Azərbaycan ostanlarının sosial psixologiyasını bilməməkdən irəli gəlir.
İkincisi, Təbriz bombardman edildi, körpələr də daxil olmaqla mülki insanlar ş*hid oldu, amma Azərbaycan Respublikasında nə siyasi, nə də ictimai səviyyədə ciddi reaksiya verilmədi. Bu səssizlik Zahid Orucun humanitar narahatlıq iddiasının səmimi olmadığını göstərir.
Üçüncüsü, İran azərbaycanlılarını “potensial qaçqın kütləsi” kimi təqdim etmək təhqiramiz yanaşmadır. Bu baxış onları vətəninə bağlı, siyasi şüuru olan toplum deyil, böhran zamanı qaçan kütlə kimi göstərir.
Əslində, sərhədlərin bağlı qalmasının əsl səbəbi təhlükəsizlik deyil, bu siyasət illərdir pandemiya bəhanəsi ilə müəyyən iqtisadi qrupların və monopolistlərin xeyrinə işləyir. Rəqabətin, ucuz ticarətin və sərbəst gediş-gəlişin qarşısını alan əsas amil də məhz budur. Və Zahid Oruc tərəfindən “kütləvi axın” arqumenti bu reallığı ört-basdır etmək üçün istifadə olunur.
Nəhayət hökumətyönlü deputatın bu son tezisini daha çox ictimai rəyi yönləndirməyə xidmət edən cəfəng ritorika kimi dəyərləndirmək lazımdır.