İyun 22, 2015 18:16 Asia/Baku
  • Hacı Mövsüm Səmədov
    Hacı Mövsüm Səmədov

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədov cəzaçəkmə müəssisəsində “kars”a salınıb. Yaxınlarının verdiyi məlumata görə, Mövsüm Səmədov artıq 6 gündür ki, karsdadır.

Azadlıq.info-nun əldə etdiyi məlumata görə, Hacı Mövsüm Səmədovun karsa salınmasına səbəb onun həbsxana rəhbərliyindən özü də daxil olmaqla, oruc tutan bütün məhbuslara uyğun şəraitin yaradılması istəyidir. Mövsüm Səmədov bu istəyinə cavab olaraq cəzalandırılıb.

Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov bildirib ki, Mövsüm Səmədov ətrafında baş verənlər üzücüdür. O yalnız ibadətlə məşğul olması üçün şərait yaradılmasını istəyir”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, “Qarabağ Uğrunda Islami Müqavimət” Hərəkatının rəhbəri Rövşən Əhmədli məsələyə münasibət bildirərkən deyib ki, məhbuslara qarşı nəinki mübarək Ramazan ayında, ümumiyyətlə, bütün zamanlarda haqsızlıq etmək yolverilməzdir:

“Mövsüm Səmədov təkcə ruhani deyil, eyni zamanda böyük bir partiyanın rəhbəridir. O, apardığı siyasi mübarizəsinə görə bu gün siyasi məhbus həyatı yaşayır”.

Avropa Oyunlarına “ev sahibliyi” etməklə dünyada möhtəşəm bir tədbir keçirdiyini deyib öyünən ölkədə siyasi məhbusların olması, eyni zamanda, bu məhbusların zindanda belə, haqqını tələb etdiyi üçün cəzalandırılmasına diqqət çəkən Rövşən Əhmədli onu da qeyd edib ki, bu siyasət hakimiyyətin saxta avropalı imicinə böyük zərbə vurur:

“Vətəndaşın azadlıqdan məhrum edilməsi onun təkcə azadlıq hüququnu əlindən alır. Məhbus digər hüquqları özündə saxlayır. Hesab edirəm ki, hacı Mövsüm Səmədov heç bir halda, onun karsa salınması ilə nəticələnəcək qanunazidd bir tələb irəli sürməz”.

Teqlər