İyul 08, 2015 08:17 Asia/Baku
  • Azərbaycanda 8 məscidin fəaliyyəti dayandırılıb
    Azərbaycanda 8 məscidin fəaliyyəti dayandırılıb

Azərbaycan Respublikasının şimal-qərb bölgəsində köhnə qanunvericiliklə fəaliyyət göstərdiyinə görə 8 dini icmanın qeydiyyatı ləğv olunub

“Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Zaqatalada 4 məscidlə bağlı narahatlığı artıq aradan qalxıb. Əsas problem Car kənd məscidi, Uzuntala kənd məscidi, Bereq Binə kənd məscidi və Yolayrıc kənd məscidlərində idi. Problem təqvim və qeydiyyatla bağlı idi ki, bu da həll olunub. Hazırda Qaxda 2, Zaqatalada 5, Balakəndə isə 1 məsciddə dini icmanın qeydiyyatı ləğv edilib. Bu icmalar köhnə qanunvericiliklə qeydiyyatda olub, ona görə də 2009-cu ildən tətbiq olunan qanunvericilik əsasında yenidən qeydiyyatdan keçməlidir”. Bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi (Qax, Zaqatala və Balakən rayonları) üzrə yerli şöbənin müdiri Mehman İsmayılov deyib.
M. İsmayılov Car kənd məscidi ilə bağlı şikayətlərə cavab olaraq deyib ki, bu problem artıq həll olunub: “Bu problem o məsciddə əvvəldən var idi, Ramazan ayı ərəfəsində isə özünü daha qabarıq göstərirdi. Demək olar ki, məsələ həll olunub. Artıq o məsciddə QMİ-nin təqvimlərinə riayət olunur”.
M.İsmayılov bildirib ki, hazırda yeni qanunvericiliyin tələblərinə uyğun olaraq Zaqatalada 32, Balakəndə 9 və Qaxda isə 13 dini icma qeydiyyatdan keçib.
Azərbaycan Respublikası hökuməti 2009 və 2011-ci illərdə "dini etiqad və vicdan azadlıqları qanunu"nda dəyişiklik edərək və bu dəyişikliyi Milli Məclisdə təsdiqləyərək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinə Azərbaycan Respublikasının bütün məscidlərinə hökumətin nəzarətinin tətbiqi üçün xüsusi imkan verib.

Teqlər