İyul 09, 2015 17:20 Asia/Baku
  • Bir gün Qüds və Qarabağ həqiqi sahiblərinə - müsəlmanlara qayıdacaq
    Bir gün Qüds və Qarabağ həqiqi sahiblərinə - müsəlmanlara qayıdacaq

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov Qüds günü ilə əlaqədar bəyanat verib.



Mövsüm Səmədovun ailəsinin FaktXəbər-ə göndərdiyi bəyanatda deyilir:

Müsəlman ölkələrinin problemləri və işğal niyyəti sırasına hər il biri əlavə olunur. Son 10 ilin tarixinə baxdıqda görürük ki, Qərb dünyası hər vəchlə müsəlman dünyasının problemlərinin dinməməsi üçün əlindən gələni edir. Yarım əsrdən çox tarixi olan Fələstin məsələsini ABŞ-ın Əfqanıstan işğalı izlədi. Daha sonra diktator Səddam Hüseynin işğalından xilas olub ABŞ-ın işğalına tuş gələn, indi isə İŞİD terrorçuları ilə döyüşən İraq əlavə olundu. Ardınca Suriya gəldi. ABŞ və Qərb qüvvələri regional əlaltıları vasitəsi ilə Suriyaya demokratiya gətirəcəyi bəhanəsi ilə terrorçulara silah verib, Əsəd hakimiyyətinin və Suriya xalqının üstünə göndərdi. “Xalq Əsədi istəmir”, - dedilər. Amma unutduqları bir şey var idi: Suriya xalqı Yaxın Şərqdə ən əmin-amanlıqda yaşayan xalq idi, onların “demokratiya”sı gələnə kimi. 200 mindən çox insanı qətlə yetirdilər və hələ də yetirməkdədirlər.

Yəmən xalqı doğrudan da Hadi hökumətini istəmədi və ayağa qalxdı. Prezident Mənsur Hadi istefa verdi və sonra ölkədən qaçdı. Səudiyyəyə sığındı və demokratiyadan dəm vuran Qərbin dəstəyi ilə ölkəsini, xalqını bombalatdı, bu gün də bombaladır.

Və canımız Qarabağ. 25 ildir düşmən tapdağı altındadır. Nə özlərinin ortaya atdığı sülh danışıqları ilə geri qaytarmırlar, nə də öz gücümüzlə almağa icazə vermirlər. İcazə verməyənlər isə bu gün İraqı, Suriyanı, Yəməni öz nəzarəti altına keçirmək istəyənlərdir. Demokratiyadan dəm vurub, mülki vətəndaşları bombalatdıranlardır, günahsız körpələrin qətlinə göz yumanlardır.

Hər şey öz yerinə qayıdacaq. Bir gün Qüds də, Qarabağ da öz həqiqi sahiblərinə - müsəlmanlara qayıdacaq. Bu, birmənalıdır. Amma nə vaxt qayıdacaq? Bu, bizlərdən asılıdır. Bizlərmi şərəflənəcəyik bu yolda, bizdən sonrakılarmı? Biz gərək üzərimizə düşən vəzifələri yerinə yetirək. Ağılla, dərrakə ilə, düşüncə ilə, Allaha bəndəliyə yönəlik nəzərlərlə. Xüsusən də bu günümüzdə. Qarabağla bağlı əksər insanlar pessimist ovqatda olanda, ruh yüksəkliyi ilə, inamla gələcəyə baxıb, təklifini icra etmək çox mühümdür.

Ən ağrıdıcı sual budur ki, bəs necə oldu Qüds işğal olundu, Qarabağ işğal olundu, digər torpaqlar işğala məruz qaldı? Necə oldu ki, bu zəiflik baş verdi? Nədən vəhdətdən uzaq, kamillikdən, üstün dəyərlər daşıyıcılığından, bəşəriyyətə bir cəm olaraq ən üstün nümunə olmaq durumundan uzaq düşmüşük?

Qüdslə Qarabağın həm tarix baxımından, həm düşmən və düşmənin iddiası baxımdan olduqca yaxın və oxşar cəhətləri mövcuddur. Əlbəttə, insanlığa təcavüz, hüquqların pozulması, zülmə məruz qalma prinsipindən tam eynidirlər. Bunu görməmək olmaz. Bu gün müsəlmanların ilk qibləgahı olan Qüdsün işğaldan azad olunması uğrunda səylər, Qarabağın işğaldan qurtulması üçün mübarizə aparmaqdan heç də fərqlənmir. Çünki məram da eynidir, düşmənlər də. Bu baxımdan Qüdsün işğalına qarşı cürət tapıb etiraz edə bilənlər, məhz Qarabağı da işğaldan azad etmək iqtidarına malik ola biləcəklər.

Mən Azərbaycan İslam Partiyasının rəhbəri olaraq, hamını öz ilahi təklif və vəzifələrinə əməl etməyə dəvət edirəm və öz növbəmdə də bir azərbaycanlı kimi, Sovet İttifaqının süqutundan sonra, hər zaman öz dini və ictimai vəzifələrimə əməl etməyə cəhd etmişəm.

O cümlədən, hicab məsələsində də öz vəzifə və təklifimə əməl etdim. Buna görə də, Allah-Taalaya hər zaman şükür edirəm, hərçənd bunun nəticəsi təzyiq və əziyyət olsa belə, ondan razıyam: ما رائت الا جمیلا - Gözəllikdən başqa bir şey görmədim.

Vəzifəsinə əməl edən insanlar, yalnız öz Pərvərdigarından mükafat, əcr və savab gözləyər, Allahın məxluqundan heç bir intizarı və təmənnası olmaz.

Öz ilahi təklifinə əməl edən insan, özünü unudaraq bütün qüvvəsini digər insanların asayişi və azadlığı üçün səfərbər edər.

Əziz möminlər, bilin ki, vəzifəsinə əməl edən insan, heç vaxt cildə girib, öz rəngini və sifətini dəyişməz. Əgər Allah qəbul edərsə, bizim bütün səylərimiz də öz təklif və vəzifəmizi əda etmək üçün olub. Siz məni yaxşı tanıyırsınız, mənim hansı mövqedə və yolda olmağım da sizə yaxşı məlumdur. Ümidvaram ki, biz hamımız Həzrət Peyğəmbərin (s) Qurani-Kərimdə vəsf edilmiş ardıcıllarından olarıq, inşəallah.

Bizim əsas narahatçılığımız günahsız məhbusların azadlığı deyil, yuxarıda da qeyd etdiyim kimi əziz Vətənimizin bir hissəsi olan Dağlıq Qarabağın düşmən əsarətindən azadlığı, milli-mənəvi dəyərlərimizin möhkəmləndirilərək yayımlanması, Mübariz İbrahimov və digər əziz şəhidlərimizin yolunu davam etdirmək olmalıdır.

Bu gün, Abgül Süleymanov, Tale Bağırov, Fəramiz Abbasov, Ruhullah Axundzadə kimi böyük insanlar və digər hicab məhbusları şəhidlər sərvəri İmam Hüseyni (ə) özlərinə nümunə, ülgü götürməklə, azadlıq yoluna qədəm qoymuşlar. Bu yolda zərrə qədər tərəddüd etmədən öz mübarizələrini və müqavimətlərini davam etdirirlər!

Teqlər