"İslamçı və Vicdan Məhbuslarıyla Həmrəyik" adlı tədbir keçirilib
Avq 07, 2015 18:44 Asia/Baku
Milli Mənəvi Dəyərlər İctimai Birliyi Bakı Əyləncə Mərkəzində "İslamçı və Vicdan Məhbuslarıyla Həmrəyik" adlı tədbir keçirib.
Faktxeber.com-un verdiyi məlumata görə, ilk olaraq çıxış üçün söz Milli Mənəvi Dəyərlər İctimai Birliyinin İdarə Şurasının üzvü Ramin Bayramova verilib. R.Bayramov tədbirlə bağlı qısa məlumat verərək bildirib ki, tədbir bütün islamçı və vicdan məhbuslarıyla həmrəylik məqsədi daşıyır: “Belə tədbirlərin məqsədi islamçı və vicdan məhbuslarının problemlərinin aradan qaldırılması, onların ailələrinə dəstək, yaxınları ilə həmrəylik nümayiş etdirilməsidir. Təşkilatımız bu tədbiri bəhanə edərək ölkəmizin inanclı təbəqəsinə islamçı məhbusların səsini çatdırmaq, onların müqəddəs amalları haqda qısa məlumat vermək istəyib".Daha sonra çıxış edən ilahiyyatçı Zülfüqar Mikayılzadəyə ölkədə müqavimətin əhəmiyyətindən danışıb. O, din alimlərinə itaətin vacibliyini önə çəkərək, "alimlərin söylədiklərinə əməl etmək və onlara itaət etmək, mömin və möminələrin nicat tapmaqlarına yol açacaq", -deyə vurğulayıb.
Tədbirdə həmçinin Abgül Süleymanovun həbsdən yazdığı məktub qonaqlar üçün səsləndirilib. O, bildirib ki, İlahi din və İslam ümməti müsəlmanlar üçün də Allah təalanın ən böyük əmanətidir. Bu böyük əmanəti qorumaq, hifz etmək saleh bəndələrin və İslam ümmətinin vəhdəti ilə mümkündür. Abgül Süleymanov arzu edib ki, bu məclis ölkədə dini və milli vəhdətə səbəb olsun: “Əgər cəmiyyətimizdə birlik olarsa Allah-təala bizim tövbələrimizi və dualarımızı tez qəbul edər. Mən tam əminliklə deyirəm əgər Allaha xatir bir olsaq İlahi nuru öz ölkəmizə endirə bilərik. Və aramızda olan buzları əritməyə müvəffəq olarıq. Hər kəs bilməlidir ki, müqavimət ruhanilərinin uzun müddətli həbsə düşməsi müqavimətin sonu demək deyil. Bizim kitabımız zindana düşməyimizlə bağlanmayacaq. Allahın izni və yardımı ilə, bizim bu çətin və zəhmətli yollarda əkdiyimiz toxum tədricən cücərəcək və inşallah öz səmərəsini layiqincə verəcək.”