Sen 01, 2015 14:24 Asia/Baku
  • Leyla Yunusa qarşı təxribat
    Leyla Yunusa qarşı təxribat

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş Idarəsi Leyla Yunusun Hepatit C xəstəliyindən «sağaldığını» deyir. Ancaq həkim Vit, hüquq müdafiəçisinin qızı Dinara Yunusovaya belə bir açıqlama vermədiyini söyləyib.

“8 il 6 ay azadlıqdan məhrum olunan hüquq müdafiəçisi Leyla Yunus avqustun 13-də axşam tərəfi kameradan Tibbi Hissəyə aparılıb və o, normal, kondisionerli otaqda yerləşdirilib. Otaqda yalnız bir nəfər təqsirləndirilən şəxs olub. Bu hadisədən bir gün sonra alman həkim Vit, Penitensiar Xidmətin həkimləri ilə birgə Leyla Yunusu müayinə edib. Protokol tərtib olunub ki, Leyla Yunus ən azı bir ay otaqda qalmalı və o, Almaniyadan gətirilən dərmanlarla təmin olunmalıdır. Həkim Vitin iştirakıyla Leyla Yunusdan qan nümunəsi götürüb. Həmin nümunə yalnız həkim Vitə verilib”.

Bu barədə medianı məlumatlandıran hüquq müdafiəçisinin yaxınları bildiriblər ki, 6 gün Tibbi Hissədə qalandan sonra, avqustun 19-da axşam saat 7-də Leyla Yunusu məcburi şəkildə kameraya aparıblar: “Ona deyiblər ki, sən sağalmısan. Halbuki, Hepatit C sağalmaz xəstəlikdir. Leyla Yunusun ”Sağaldığımı kim söylədi?" sualına “Həkim Vit.” cavabı verilib. Ancaq həkim Vit hüquq müdafiəçisinin qızı Dinara Yunusovaya belə bir açıqlama vermədiyini söyləyib. Bu məcburiyyətin qarşısında Leyla Yunus nəzarətçilərə ağrılarının davam etdiyini və sağalmadığını israr etsə də, buna əhəmiyyət verilməyib".

Leyla Yunusun yaxınlarının sözlərinə görə, bu hadisədən bir neçə gün sonra Leyla Yunusu Respublika Diaqnostika Mərkəzinə analiz verməyə gətiriblər: “Hüquq müdafiəçisinin analiz nömrəsi 1286775-dir. Müayinənin adı Rotor-Gene (plazma, uroyonital) sıyrıntı. Müayinə olunan şəxsin adı VIP VIP kimi yazılıb. Doğum tarixi isə 01.01.1955-ci il göstərilib. Halbuki, Leyla Yunus 21 dekabr 1955-ci ildə doğulub”.


Yaxınları hesab edirlər ki, Leyla Yunus haqqında təhrif olunmuş məlumatda məqsəd, baş verənləri Avropa Məhkəməsindən gizlətməkdir.

Yaxınlarının bildirdiklərinə görə, avqustun 25-də kameradakılar Leyla Yunusu təhdid edib və hədə-qorxu gəliblər. Hətta onu təhqir edib, fiziki zor tətbiq etməklə hədələyiblər.

Mediadan Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə informasiyayla bağlı sorğu göndərib. Sorğuya cavab verilib ki, barəsində məlumat əldə etmək istədiyiniz şəxsin səhhəti ilə əlaqədar Ədliyyə Nazirliyi Tibb Baş Idarəsinə müraciət edə bilərsiniz.

Nazirliyin Tibb Baş Idarəsindən olayla bağlı məlumat almaq mümkün olmayıb.

Teqlər