Okt 01, 2015 14:35 Asia/Baku
  • Ruhanilər Tale Bağırzadəni müdafiə etməkdə davam edir
    Ruhanilər Tale Bağırzadəni müdafiə etməkdə davam edir

"Müsəlman Birliyi Hərəkatın"nın sədri, ilahiyyatçı Tale Bağırzadənin Yevlax şəhərində əli silahlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasıyla bağlı ruhanilər AzadXeber.az-a münasibət bildirib.

” Nardaran Rəhimə xanım (s.ə) ziyarətgahının axundu, ilahiyyatçı Nuhbala Rəhimov:“Hər hansı günahsız insanın üzərinə silah çəkilərək saxlanılmasını doğru saymıram. Ruhaniyə qarşı təzyiqə mövqeyimiz mənfidir”.

Cəlilabadın "Sahibəzzaman" məscidinin axundu, ilahiyyatçı Ramin Əliyev: “Hacı Taleni nə qədər sıxsalarda o mövqeyindən dönən deyil. Bu cür addımlar hacı Tale və onun kimi insanların istedadının daha da artmasına xidmət edir. İkinci növbədə xatırlatmaq istəyirəm ki, ağıllı dövlət başçıları həmişə sağlam müxalifətin olmağını istəyiblər.

İlahiyyatçı Elman Ağazadə: “Bir ruhaniyə qarşı məscidə gedərkən belə bir rəftar etmək Azərbaycan dövlətinə yaraşmır. Məscid Allah evidir. Kiminsə Allah evində ibadət etməsinə maneə törədə bilmərik”.

İlahiyyatçı Qabil Əliyev: “Hacı Tale bu vətənə namusu və qeyrəti ilə xidmət edən qardaşımızdır. Həmişə haqq tərəfində olub. Ona qarşı bu cür soyuq və qərəzli münasibətlər hər bir inanclı kimi, hər bir ruhani kimi məni də dərindən narahat etdi.”

İlahiyyatçı Vüsal Hüseynzadə: “Əslində, qəribə bir şey yoxdur. Hacı Tale ölkəmizdə ən çox sevilən insanlardan biri, əsl vətən oğlu və gerçək qəhrəmandır. Hər yerdə - hər bir nazirlikdə, hər bir bölmədə onu yaxından görmək istəyən biriləri mütləq vardır”.

Türkiyəli İslam alimi Mehdi Aksu: “Tale Bağırzadə kimi alimlər İslam və müqəddəsat yolunda öz həyatlarını təhlükəyə atanlardır. Azərbaycanda fəaliyyət göstərən və dərdi din dərdi olan, dinin müsibətini öz müsibəti bilən hər mömin və möminə hacı Tale Bağırzadə kimi alimləri müdafiə etməli və dəstəkləməlidirlər. ”
İlahiyyatçı Elgün Axund: “Hamıya məlumdur ki, hacı Tale Bağırzadənin təqib olunması və onun saxlanılması ictimai-siyasi mövqeyinə görədir. Çünki artıq Azərbaycan xalqını, xüsusən sağlam düşüncəli gəncləri saxta ittihamlarla aldatmaq mümkün deyil. Hacı Tale milli və dini dəyərlərin təbliğatı, gənc nəslin sağlam düşüncəli bir azərbaycanlı kimi yetişməsi yolunda əlindən gələni əsirgəməyən bir insandır.
"Müsəlman Birliyi Hərəkatı"nın idarə heyətinin üzvü, ilahiyyatçı Fərhad Mirzə: “Hacı Taleni tutmaq daha hakimiyyətə sərf eləmir. Sadəcə gücünü göstərmək istəyir ki, mən də varam. Amma o gedib gücünü erməniyə göstərsin, əliyalın ilahiyyatçıya yox”.

Teqlər