MTN-lə bağlı şok təfərrüatlar və ssenarilər
Okt 21, 2015 20:39 Asia/Baku
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliy MTN-nin bir qrup vəzifəli şəxsinin həbs olunması ətrafında müzakirələr səngimək bilmir. Məsələnin mahiyyəti açılmadıqca, müxtəlif fərziyyələr də irəli sürülür.
9 il Azərbaycan Respublikasının Təhlükəsizlik orqanının başında duran Eldar Əhməd oğlu Mahmudov birdən-birə kənarlaşdırıldı. Ölkə başçısı İlham Əliyev oktyabrın 17-də Mahmudovun Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqda sərəncam verdi. MTN-nin 7 vəzifəli şəxsi barədə artıq həbs qətimkan tədbiri seçilib.Mətbuat yazır ki, saxlanılanların uzun müddətdən bəri Azərbaycanda iş adamlarına qarşı xüsusi qurğular qurmaqla cinayətlər törətdikləri, onlara məxsus milyonlarla manat vəsaiti mənimsədikləri iddia olunur.
Son günlərdə xəbərlər və yazılarda müxtəlif ssenarilər irəli sürülür. Bəziləri bu qənaətdədirlər ki, hazırkı situasiya və hakimiyyət daxilində yaşananlar düz 10 il əvvəli xatırladır. 2005-ci ildə də parlament seçkilərinə bir neçə həftə qalmış - məhz 17 oktyabrda iki qüdrətli nazirin həbsi həyata keçirilmişdi.
ADR sədri Sərdar Cəlaloğlu bir müsahibədə bildirib ki, o zaman iqtisadi inkişaf naziri olan Fərhad Əliyev və səhiyyə naziri Əli İnsanov həbs olunduqdan dərhal sonra geniş kampaniya başladı. Nazirlərin xarici kəşfiyyatla əlaqəli olduqları və ölkədə "narıncı inqilab" etmək istədikləri iddiası irəli sürüldü. Həmin dövrdə də Azərbaycan hakimiyyətinə belə bir əməliyyatı keçirmək əmrinin məhz Rusiyadan gəldiyi deyilirdi. Səslənən fərziyyələrdə vurğulanırdı ki, hakimiyyət atdığı bu addımla iqtidar daxilində mərkəzdənqaçmanı dayandırmağa çalışıb.
Hakimiyyətə yaxın təşkilatlar isə təfərrüata girmək istəmirlər. Report"a açıqlamasında hakim (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov deyib: "Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad edilməsi prezident İlham Əliyevin səlahiyyətlərinə daxil olan məsələdir. Çünki Ali İcra Hakimiyyətinin başçısı məhz prezidentdir. Ona görə də kiminsə qəbul olunan qərara şərh vermək və onu müzakirə etmək haqqı yoxdur".
Amma prezident İlham Əliyev oktyabrın 20-də digər bir sənəd də imzalayıb. Dövlət başçısı Milli Təhlükəsizlik Nazirliyinin strukturunda dəyişiklik edilməsi barədə.
Sabiq MTN əməkdaşı Ərəstun Oruclu hesab edir ki, “MTN-in bir sıra səlahiyyətləri başqa orqanlarla bölüşdürüləcək. Əslində, milli təhlükəsizlik haqqında qanuna əsasən, MTN-in 3 əsas fəaliyyət istiqaməti olmalıdır: kəşfiyyat, əks-kəşfiyyat və terrorla mübarizə.
Təxminən elə də oldu. Nazirlər Kabineti “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.
Dəyişikliyə əsasən, bundan sonra vətəndaşların xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılmaları ilə bağlı yoxlama tədbirləri Milli Təhlükəsizlik Nazirliyinin rəyi nəzərə alınmaqla, prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar, Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçiriləcək. Digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərini təhlükəsizlik orqanı həyata keçirəcək.
APA bir neçə gün öncə hökumətdəki mənbələrə istinadən məlumat yaymışdı ki, prezident İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyasında, daxil olan şikayətlərlə bağlı geniş araşdırma aparılıb. Bu araşdırma nəticəsində də sahibkarların ən çox şikayətlərinin məhz MTN-dən olduğu aşkarlanıb.
Rəsmilərə yaxın mənbələrin yaydıqları məlumatlar həqiqət olarsa, yəni MTN-də, sahibkarlara hədə-qorxu gələn, onları əsassız olaraq terrorçu birləşmələrlə əlaqələndirməyə çalışaraq, külli miqdarda gəlir əldə edən şəxslər həbs olunubsa, təbii ki, cəmiyyətdə bu müsbət qarşılanacaq.