Gəncədə inanclılara təzyiqlər başladı: Saxlanılanlar var
Okt 23, 2015 15:29 Asia/Baku
Gəncədə Tasua yürüşü ilə bağlı təzyiqlərə başlanılıb.
AzadXeber.az-ın verdiyi xəbər görə, Tasua yürüşü üçün Şah Abbas məscidinə toplaşan müsəlmanların 50-ə yaxını polis bölməsinə aparılıb. Artıq 30 nəfərin sərbəst buraxıldığı, 20 nəfərin isə hələ də bölmədə saxlanıldığı bildirilir.İnanclılar təzyiqlərin arxasında Gəncə şəhər İcra başçısı Elmar Vəliyevin olduğunu vurğulayırlar.
İslamazeri.az-a daxil olan məlumata görə, məscid polis və daxili qoşunlar tərəfindən mühasirəyə alınıb, məscidin yanına su şırnaqları gətirilib. Camaat məscidə yaxın buraxılmayıb. Mənbənin sayta verdiyi xəbərə görə, hazırda məscidlər bağlıdır və Gəncə inanclılarına 2 gün ardıcıl (bu gün və sabah) məscidlərin qapılarının bağlı olacağı bildirilib. Yürüşün qarşısı alınarkən Gəncə sakinlərinə güc tətbiq edilib, məscidin yanı və ətraf küçələrdə qan izləri hələ də qalmaqdadır. Məlumatı verən mənbə bildirir ki, saxlanılanlar axşam saatlarına qədər buraxılmasa polis bölməsinə doğru yürüş keçiriləcək. Qeyd edək ki, İslaminsesi.az saytı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin məktəb direktorlarını çağıraraq şənbə günü bütün məktəblərə dərs günü salmasını və şagirdlərin hamısını dərsə çağırılması barədə göstəriş verildiyini qeyd edib. Həmçinin Gəncə şəhərinin yerli komandası olan "Kəpəz"in "Xəzər Lənkəran"la oyunu da məhz Aşura Gününə salınıb.