Gəncə şəhər sakinləri KİV-i vicdanlı xəbərçiliyə dəvət etdi
Okt 28, 2015 12:03 Asia/Baku
-
Gəncə şəhər sakinləri KİV-i vicdanlı xəbərçiliyə dəvət etdi
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin inanclı sakinləri son günlər doğma şəhərlərində baş verən hadisələrə bəzi KİV-lərin qeyri-obyektiv yanaşmasına etiraz edərək bəyanat yayıblar.
FaktXəbər-in məlumatına görə, bəyanatda deyilir: "23 oktyabr 2015-ci il tarixdə, yəni Tasua günü Gəncə dindarlarına qarşı polis tərəfindən zorakılıqlar törədilmişdi və bir-neçə dindar sakin inzibati qaydada həbs edilmiş və ya cərimələnmişdi. Bu hadisələri bəzi telekanalının Bakıda vahhabilərin tutulması ilə eyniləşdirməsi cəhdi, həmçinin bir sıra saytların da Gəncədə baş verən hadisələri təhrif edilmiş şəkildə xalqa təqdim etmələri hiddətimizə səbəb olmuşdur. Buna görə də media orqanlarına müraciət etmək qərarına gəldik. Belə ki, Gəncə inanclılarını qaralama kampaniyasına bilərəkdən və ya bilmədən alət olmuş KİV nümayəndələrinin qeyri-peşakar davranışlarına biganə qala bilmzədik.Gəncə şəhər sakinlərinin bəyanatında deyilir: “Tasua günü Gəncədə baş vermiş polis zorakılığını təhrif edən saytlara, xüsusən də özlərini din, mənəviyyat, həqiqət keşikçisi adlandıran saytlara buradan səslənərək bildiririk ki, yoxlanılmadan təqdim etdiyiniz təhrif olunmuş xəbərlər xalq arasında yalnız nüfuzunuzun azalmasına xidmət etmişdir. Tasua günü şəhərin Came məscidinin yanında dindarlar haqsız yerə dəyənəklərlə döyülür və KİV nümayəndələri bunu “məscidə hücum” kimi təqdim edirlər! Çox təəccüblüdür, siz jurnalistikaya bu qədərmi ucuz qiymət verirsiniz və peşənizə bu qədərmi yüngül yanaşırsız ki, Tasua günü məscidin yaxınlığında dindarların nə edə biləcəklərini, ora hansı məqsədlə getmiş ola biləcəklərini düşünə bilmirsiz? Axı burada dəyənəklərlə döyülənlər sadə inanclı sakinlər olub, İmam Hüseynin (ə.) matəmini keçirmək istəyənlər olub. Məscidə ibadətə və matəm keçirməyə gələnləri döyüb həbs edən polisin hərəkətlərini qəhrəmanlıq kimi təqdim edib hadisənin həqiqətlərini araşdırmadan insanlara yalan məlumat yaymaq heç bir jurnalist etikasına sığan iş deyil.
Odur ki, sözügedən hadisələri təhrif edib Gəncə inanclılarının hissiyyatına toxunan media işçilərinə üzümüzü tutaraq deyirik ki, peşənizə qarşı daha məsuliyyətli olun, yoxlanılmamış, həqiqəti əks etdirməyən şişirdilmiş xəbərlərdən çəkinin.
Gəncən ininanclı sakinləri olaraq sizləri vicdanlı xəbərçiliyə çağırırıq!"