Okt 31, 2015 11:10 Asia/Baku
  • Seçkiqabağı sükut
    Seçkiqabağı sükut

Azərbaycan Milli Məclisinə noyabrın 1-nə təyin olunmuş seçkilərdə namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparması üçün ayrılan vaxt başa çatdı. O üzdən, bu gün Azərbaycanda seçkiqabağı "sükut günü" elan olunub.

Trend-in məlumatına görə, parlamentə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunan Təqvim Planına əsasən, təşviqat kampaniyası 31 oktyabr səhər saat 08:00-da başa çatır.
Sabah 125 dairə üzrə keçiriləcək seçkilərdə 600-dən yuxarı namizəd mübarizə aparacaq. MSK-dan bildirilib ki, seçkilərdə 15 siyasi partiya və 7 partiyanın üzv olduğu bir blok iştirak edir.

Seçkiləri ATƏT, Avropa Birliyi kimi dünyada nüfuzlu beynəlxalq təşkilatlar müşahidə etməyəcəklər. Buna baxmayaraq, MSK sədri Məzahir Pənahov bildirib ki, 501 beynəlxalq müşahidəçi MSK-da qeydiyyatdan keçib. Bunlar 40 təşkilatı, 27 ölkəni təmsil edir.
Ümumilikdə isə seçkilərdə müşahidə aparmaq üçün 66 min müşahidəçi qeydiyyatdan keçib.
Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi isə dünən daha bir bəyanat yayıb.
Bəyanatda Daimi Nümayəndəlik ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu direktorunun Azərbaycanda keçiriləcək seçkiləri izləməmək barədə qərarını qeyri-konstruktiv və qəbuledilməz qərar adlandırıb.

Bəyanatda bildirilir: “Ötən həftə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə yenidən məsləhətləşmələr aparıb, məhdud sayda ekspert göndərilməsi ilə bağlı təklif vermişik. Təəssüf ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycan tərəfinin xahişini yenidən rədd etdi”.

Teqlər