Noy 26, 2015 13:00 Asia/Baku
  • MTN-nin 19 yüksək vəzifəli əməkdaşı həbs edilib
    MTN-nin 19 yüksək vəzifəli əməkdaşı həbs edilib

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, MTN-nin bir sıra baş idarə, idarə, şöbələrinin rəhbərləri və digər əməkdaşları tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə edən məmurlar həbs olunmaqdadırlar. Başqalarının nazirliyə gətirilərək qanunsuz azadlıqdan məhrum etmələri, zor tətbiq etmələri, həbs olunacaqları ilə hədələyərək külli miqdarda nağd pullarını, qızıl-zinət əşyalarını, digər əmlak və torpaq sahələrini hədə-qorxu yolu ilə almalarına dair əsaslı faktlar müəyyən edilib.
Qeyd olunan faktlar üzrə 21 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Teqlər