Dek 16, 2015 14:08 Asia/Baku
  • “Fuadın həbs ediləcəyini gözləyirdim”- Zümrüd Yağmur
    “Fuadın həbs ediləcəyini gözləyirdim”- Zümrüd Yağmur

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının xanımı, yazıçı Zümrüd Yağmur həyat yoldaşının həbsi ilə bağlı deyib: “Azərbaycan xalqı belə həbslərə qorxu ilə yanaşmamalıdır”.

Azadlıq.info-nun məlumatına əsasən, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının xanımı, yazıçı Zümrüd Yağmur həyat yoldaşının həbsi ilə bağlı bildirib ki, Fuad-ın bu şəkildə həbs ediləcəyini doğrusu, gözləmirdim. Amma bütövlükdə, təkcə son dövrlərdə yox, 22 ildə baş verən prosesləri götürdükdə, müxalif düşüncəyə iqtidarın dözümsüz münasibətini nəzərə alaraq, təbii ki, gözləyirdim.

Zümrüd Yağmurun qənaətincə, Fuadın yazılarında dini, irqi, sosial nifrətə və hakimiyyəti çevriliş yolu ilə dəyişməyə çağrışlar yoxdur belə çağrışlar. Hakimiyyət bu dəfə də Fuada qarşı çox naşılıqla cinayət işi düzüb-qoşdu.

Fuad Qəhrəmanlının xanımı, yazıçı Zümrüd Yağmurun fikrincə, Azərbaycan xalqı belə həbslərə qorxu ilə yanaşmamalıdır: "Çox adamlar elə təsəlli verirlər ki, sanki Allah etməmiş, Fuadı itirmişəm. Mən Fuadı itirməmişəm. Sadəcə olaraq zorakı istirahətə göndərilib. Bu qədər sadə və bəsit. Məndən kitablar istəyib. Ona kitablar göndərəcəm. Əminəm ki, oradan yaxşı bir əsərlə çıxacaq. Mən ondan hər zaman istəyirdim ki, ideoloji bir əsər yazsın. O da hər zaman praktik işlərə görə buna vaxt tapa bilmirdi… Yəni, heç nə dəyişməyib. Fuad da öz yerindədir, mən də öz yerimdə və yolumdayam."- yazıçı Zümrüd Yağmur belə qeyd edib.

Fuad Qəhrəmanlı dekabrın 8-də həbs olunub. Ona qarşı “facebook” səhifəsində yazdığı statuslara görə Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1-ci (dini, irqi, sosial,nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb. Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və həbsinin siyasi fəaliyyətilə bağlı olduğunu deyir.

Teqlər