Dek 21, 2015 13:49 Asia/Baku
  • Mərkəzi Bank devalvasiyadan 3,1 mlrd. manat qazanıb
    Mərkəzi Bank devalvasiyadan 3,1 mlrd. manat qazanıb

Üzən məzənnə rejiminə keçiddən sonra dollar 1,55 manat, avro 1,7 manat olub

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

"APA-Economics"in məlumatına görə, bu barədə AMB-nin açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.

Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.

Bu arada manatın ABŞ dollarına qarşı 48%-lik devalvasiyası Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcminin kəskin artmasına səbəb olub.

“APA-Economics”in hesablamalarına görə, ölkədə dolların manata qarşı məzənnəsinin 1,0494 manatdan 1,55 manata yüksəlməsi AMB-nin sərəncamında olan ehtiyatların manat ekvivalentində 48% və ya 3 mlrd. 145 mln. 272,160 min manat artmasına gətirib.

Xatırladaq ki, AMB-nin sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2015-ci il dekabr ayının 1-ə 6 mlrd. 245,6 mln. dollar olub. Başqa sözlə, əgər 6 mlrd. 245,6 mln. dollarlıq ehtiyatı bu günə qədər olan məzənnə ilə manata konvertasiya olunsa idi, bu rəqəm 6 mlrd. 535,396 mln. manat edəcəkdi. Bugünkü məzənnə ilə konvertasiya edəndə isə Mərkəzi Bankın valyuta ehtiyatları manat ekvivalentində 9 mlrd. 680,668 mln. manata bərabərdir.

Qeyd edək ki, bu gündən etibarən AMB üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib.

Bu qərardan sonra dolların manata qarşı rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşıb.

Teqlər