“Günəşli” yatağında baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən daha birinin cəsədi tapılıb
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 60 km uzaqlıqda “Berkar” gəmisi kişi cəsədi aşkarlayıb.
Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “BAYAN” gəmisinə məlumat ötürülüb, cəsəd borta alınaraq Türkmənbaşı dəniz limanına aparılıb. Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilib.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin respublikaya gətirilməsi üçün hadisə yerinə yola düşüb.
Qeyd edək ki, bu il dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 7 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qüvvələri dərhal itkin düşənlərin axtarışına başlayıblar. Axtarışlar nəticəsində 6 nəfərin cəsədi tapılıb, 23 nəfərin isə axtarışları davam etdirilib.