"Taleh Bağırovu məhkəməyə “sürüyə-sürüyə” gətirmişdilər" - Vəkil
Müsəlman Birliyi Hərəkatının həbs olunan sədri Taleh Bağırovun ailəsi və vəkili onun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerində mütəmadi işgəncələrə məruz qaldığını deyir.
Bu barədə Elşən Bağırov qardaşının hər gün sorğu sual olunaraq "işgəncələrə məruz qaldığını" deyir.
Vəkil Cavid Cavadov isə bildirir ki, müttəhimlə sonuncu dəfə görüşündə o, bu işgəncələrin səbəbi kimi “ondan etirafedici və bəzi şəxslərin əleyhinə ifadələr almaq” məqsədi daşıdığını açıqlayıb.
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə BBC Azərbaycancaya şərhlərində, hüquq müdafiəçisinin səsləndirdiyi fikirləri “onun öz təxəyyülünün məhsulu” adlandırıb.
Elşən Bağırov qardaşını sonuncu dəfə noyabr ayında, Nardaranda saxlanılanda gördüyünü deyir.
“Ona sövqat bir də pal-paltar aparmışdım. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nə qoydular ki gətirdiklərimi verim, nə də görüşüm”, deyən Elşən qardaşının saxlanılarkən əynində olan paltarların bu günə qədər bir dəfə də olsun dəyişilmədiyini bildirir.
Vəkil Cavad Cavadov isə Taleh Bağırovla ilk dəfə dekabrın 3-ü appleyasiya məhkəməsində görüşəndə üzərində aşkar görünən xəsarətlərin olduğunu deyir.
“Gözlərin altı, alnı qızartılı idi, əllərinin bilək hissəsində ciddi xəsarətlər var idi. Hiss olunmuşdu ki, qollarını bağlayıblar. O qandal izlərinə bənzəmirdi, çünki çox qabarıq idi. Konkret olaraq xəsarətlər işgəncə izlərinə oxşayırdı” – deyə vəkil müttəhimin sərbəst hərəkət etməsində problem olduğuna görə onun məhkəməyə “sürüyə-sürüyə” gətirildiyini vurğulayır.
Həmin vaxt müttəhimlə ünsiyyət saxlamasına şərait yaradılmadığından hüquq müdafiəçisi onun bu vəziyyətinin səbəbini 29 dekabrda, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müstəntiqin iştirakı ilə keçirilən görüşdə öyrənib. Görüşdə Taleh Bağırov bildirib ki, o, ağır işgəncələrə məruz qalır və burnu "sındırılıb".
DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə qətiyyətlə Taleh Bağırovun saxlanılmasının bütün mövcud qanunvericiliyə müvafiq aparıldığını, istintaq müddətində hər hansı qanunsuzluğa yol verilmədiyini iddia edir.
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov digər 14 nəfərlə birlikdə noyabrın 26-da Nardaran qəsəbəsində keçirlən polis əməliyyatı zamanı saxlanılıb. Onlara qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülərək barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əməliyyat vaxtı iki polis daxil olmaqla 6 adam həlak olub.