Mart 28, 2016 10:38 Asia/Baku
  • Naxçıvan MTN-in şefi həbs olundu
    Naxçıvan MTN-in şefi həbs olundu

Naxçıvan Muxtar Respublikanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov həbs olunub. İndiyədək onun həbs edildiyi, ev dustaqlığında saxlanıldığı barədə məlumatlar bir-birini əvəz edirdi. “Turan” agentliyinin Naxçıvandakı mənbələri sabiq nazirin həbs olunduğunu təsdiqləyib.

Həbsin “formal səbəbi” Naxçıvan MTN-in binasında təmir-tikinti işlərinə ayrılmış vəsaitin mənimsənilməsidir. Əsl səbəb isə başqadır - Vəli Ələsgərov ləğv edilmiş MTN-in sabiq şefi Eldar Mahmudovla yaxın əlaqələrinin güdazına gedib. Onun həbsi sabiq nazir Eldar Mahmudovun ətrafında halqanın daralması kimi qiymətləndirilir. Bildirilir ki, V.Ələsgərov E.Mahmudovun kriminal dəstəsinə daxil olmaqla qanunsuz dinləmələr həyata keçirməsinə qeyri-rəsmi göstərişlər verib. Bu yolla əldə olunan məlumatlardan sonradan siyasi şantaj vasitəsi kimi istifadə olunması nəzərdə tutulub. Hələlik qanunsuz dinləmələr yolu ilə əldə edilmiş materiallar vasitəsi ilə Naxçıvanın hansı vəzifəli şəxslərinin şantaj olunması haqda dəqiq məlumatlar yoxdur. Amma istisna deyil ki, belə şantajla üz-üzə qalan muxtar respublika rəhbərliyinə daxil olan şəxslər olub.

Vəli Ələsgərovun Naxçıvandakı obyektləri, “XI əsr” adlı restoranı və ona bitişik marketi, pivə evi sökülüb. V.Ələsgərovun yaxın qohumlarının hamısı işdən çıxarılıb. Qohumlarının şəxsi avtomobillərində MTN-in 009 nömrəsi olub. Nömrələrin hamısı geri alınıb. Onların kommersiya obyektləri və əmlaklarının bir hissəsi əllərindən alınıb.

Yada salaq ki, ötən il oktyabrın 17-də MTN-də aparılan “təmizləmə”lər qurumun ləğv olunması, 20 MTN əməkdaşının həbsi ilə sonuclandı. Lakin E.Mahmudov gözlənilənlərin əksinə olaraq həbsə alınmadı. Onun 10 illik fəaliyyəti nəticəsində dövlətə, ayrı-ayrı nüfuz sahiblərinin maraqlarına vurduğu ziyanın ödənməsi müqabilində azadlıqda qala bilməsi haqda xəbərlər var.

Görünən budur ki, E.Mahmudovun yaxın ətrafına daxil olan şəxsləri həbs etməklə istintaq addım-addım eks-nazirin ətrafında halqanı daraldır. Hazırda MTN-də baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi istintaq olunur. Baş Prokurorluğun rəsmi məlumatına görə, iş üzrə istintaqa 22 şəxs cəlb olunub. 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır. İş üzrə 130 epizod araşdırılır. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Teqlər