Apr 01, 2016 17:20 Asia/Baku
  • Azərbaycan Respublikasında 450 uşaq səfil həyatı yaşayır
    Azərbaycan Respublikasında 450 uşaq səfil həyatı yaşayır

2015-ci ildə Azərbaycanda avaraçılıq və dilənçiliklə məşğul olan yetkinlik yaşına çatmayan 450 uşaq qeydə alınıb. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin müdiri Elgün Səfərov deyib.

Elgün Səfərov bildirib ki, Azərbaycan Respublikasında 2013-cü ildə valideyn himayəsindən məhrum olan 45, 2014-cü ildə 32, 2015-ci ildə isə 11 küçə uşağı qeydiyyata alınıb.

Onun sözlərinə görə, digər ölkələrdə olduğu kimi Azərbaycanda da avaraçılıq və dilənçiliklə məşğul olan uşaqlar böyük yaşlı deyillər. Belə uşaqlar adətən yaşları 13-dək olanlardır: "Avaraçılıq və dilənçiliklə məşğul olan ənənəvi təbəqə qaraçı uşaqlardır. Bunlar arasında həm qızlar, həm də oğlanlar olur. Amma ənənəvi olmayan təbəqə arasında, yəni risk qrupuna daxil olan ailələrdən çıxaraq avaraçılıq və dilənçiliklə məşğul olanlar daha çox oğlan uşaqlarıdır".

Komitə rəsmisi əlavə edib ki, bütün dünyada avaraçılıq və dilənçiliyə cəlb edilən uşaqların qeydiyyatı dəqiq aparılmır. Çünki bu faktlar müvafiq dövlət qurumları tərəfindən qeydə alınan faktlar olur: "Ona görə də bugünkü real rəqəm bir qədər çox ola bilər. Ola bilsin ki, reallıqda belə uşaqların sayı 500-600 olsun".

Səfərovun sözlərinə görə, uşaqların avaraçılıq və dilənçiliyə cəlb edilməsinə, əsasən valideynlər təsir göstərirlər. Ötən il də bəzi uşaqların valideynləri tərəfindən dilənçilik və avaraçılıqla məşğul olmağa məcbur edilməsi faktları qeydə alınıb: "Bu faktlar qeydə alınandan sonra birbaşa olaraq valideynlərin məsuliyyətə cəlb edilmələri məsələsi də var. Digər məsələ isə odur ki, bu, yalnız valideyn məsuliyyətinin cəlb edilməsi ilə bitməməlidir. Məhkəmə tərəfindən valideyn hüququnun məhdudlaşdırılması barədə qərar verilməlidir. Çünki hansı səbəbin olmasından asılı olmayaraq, valideyn öz vəzifəsini yerinə yetirə bilmirsə, uşaqları buna məcbur etməməli və təhsildən yayınmaya şərait yaratmamalıdır".

Səfərov qeyd edib ki, avaraçılıq və dilənçiliklə məşğul olan uşaqların aşkarlanması üçün hüquq-mühafizə orqanları və icra hakimiyyətlərinin qəyyumluq şöbələri tərəfindən də risk altında olan ailələrlə - sosial təminata ehtiyacı olan, əlilliyi olan, valideynin işləmədiyi ailələr, alkoqolizmə və narkomanlığa düçar olan valideynlər, uşağını təkbaşına böyüdən ata və ana ilə işlərin gücləndirilməsinə ehtiyac var.

Uşaqlar üçün dövlət sığınacaqlarının yaradılmasını da vacib sayan komitə rəsmisi qeyd edib ki, bu gün Azərbaycanda "böyük ailə" prinsiplərinin yoxa çıxması da dolayı yolla uşaqların avaraçılıq və dilənçiliklə məşğul olmaslarına səbəb olur: "1990-cı illərdə həyat şəraitinin səviyyəsi bu günlə müqayisədə qat-qat aşağı idi. Amma onda uşaqlar küçə həyatı keçirmirdilər, onlar küçəyə atılmırdı. Məsələ ondadır ki, bu gün artıq stereotiplər, ailə dəyərləri dəyişib. Əvvəllər qohumlar uşaqların küçəyə atılmalarına icazə verməzdilər. Əgər valideynlərdə bir problem var idisə, uşaqları qohumlar özləri saxlayardılar. Bu gün isə isti qohumluq münasibətləri yoxa və "böyük ailə" prinsipləri yaddan çıxır. Bu da müəyyən problemlərin yaranmasına gətirib çıxarır, sonda isə daha çox, uşaqlar zərər görürlər".

Teqlər