Azərbaycan Respublikası müdafiə naziri Silahlı Qüvvələrə göstəriş verdi
Azərbaycan Respublikası müdafiə naziri Ermənistanın mülki əhaliyə qarşı atəşlərinin davam edəcəyi təqdirdə Xankəndi və digər işğal altındakı şəhərlərin hədəfə alınması barədə əmr verib.
Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb.
Müdafiə Nazirliyinin dəfələrlə qarşı tərəfi təkidlə xəbərdar etməsinə baxmayaraq Ermənistan bu cür qeyri-insani addımlar atmaqla Azərbaycanı da adekvat tədbirlər görməyə təhrik edir.
Lakin Azərbaycan tərəfi bir daha Ermənistanı beynəlxalq hüquq normalarına riayət edərək dinc əhaliyə qarşı zor tətbiqindən çəkinməyə çağırır.
Eyni zamanda bildiririk ki, qısa bir müddətdə yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə Müdafiə naziri raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verdi.