Məcburi köçkünlər növbəti aksiya keçirib
-
Məcburi köçkünlər növbəti aksiya keçirib
Fevralın 2-də Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki "Qızılqum" sanatoriyasında məskunlaşan məcburi köçkünlər aksiya keçirib.
Onlar yaşadıqları yataqxanaya sayğac quraşdırılmasına etiraz ediblər.
Köçkünlər deyirlər ki, yaşadıqları bina qəzalı vəziyyətdədir, ora "kombi" istilik sistemi çəkilə bilməz. Binada qaz sistemi yoxdur. Əgər işığa sayğac qoyulsa, əlavə verilən 16 manata aylıq kommunal xərcləri ödəmək mümkün olmayacaq.
Hadisə yerinə Şuşa şəhər İcra Hakimiyyətinin başçısı, Qarabağ icmasının rəhbəri Bayram Səfərov da gəlib. O, köçkünləri etiraz etdikləri üçün qınayıb: "Xeyirdimi siz dövlət qarşısında şərt qoyursunuz? Siz kimsiniz dövlət qarşısında şərt qoyursunuz? Dövlət bizim qarşımızda şərt qoyur. Biz dövlətin bütün tapşırığını əməl etməliyik. Dövlət verdiyi sərəncamlara çox yaxşı nəzarət edir".
Sonra icra başçısı etirazçılarla çəkiliş olmadan danışıb. Köçkünlərin sözlərinə görə, Bayram Səfərov onlara vəd verib: "Bayram Səfərov dedi ki, 16 manatdan artıq yazılan borclar silinəcək. 16 manat ödəyin, vəssalam".