Bakıda Təzəpir məscidində 2 nəfər saxlanılıb
Ötən gün əllərində qılınc və bayraq tutaraq Təzəpir məsicinə girən 2 şəxs saxlanılıb.
İslamazeri və digər xəbər dairələrinin verdiyi məlumata görə, Bakının Təzəpir məscidində cümə namazında iştirak edən şəxslər bildiriblər ki, ötən gün iki ağ geyimli şəxs məscidə daxil olub və axundun xütbəsini kəsmək istəyib.
Hadisə şahidlərinin sözlərinə görə, namazdan əvvəl məscidə əynində kəfəni xatırladan ağ geyimli Yaşar adlı bir yaşlı kişi və bir gənc gəlib. Onun əlində qılınc olub. O, cümə namazından əvvəl söz alıb danışmaq istəyib, lakin məsciddəkilərin narazılığı ilə üzləşib və susdurulub. Daha sonra namaz qılınıb. Namazdan sonra Yaşar adlı şəxs yenidən nəsə danışmaq istəyib. Bu zaman məsciddə olan inanclılarla onun arasında gərginlik yaşanıb.
Yaşar şahidlərdən biri ilə söhbəti zamanı ona Allah tərəfindən vəhy verildiyini, 2 ildir ki, bunu möminlərə çatdırmaq istədiyini qeyd edib.
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Təzəpir məscidində dünən günorta namazı qılınan zaman iki nəfər məscidə girib.
Onlardan birinin əlində qılınc, digərinin əlində isə dini bayraq olub. Məsciddə olan şəxslər dərhal polis əməkdaşlarına məlumat veriblər.
Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb.
Onların Yaşar Əliqulu oğlu Cahangirov və Əfqan Elman oğlu Aydınov olduğu müəyyən edilib. Həmin şəxslər istintaqa təhvil veriliblər.