İyul 12, 2020 11:28 Asia/Baku
  • Rusiya COVİD-19-la mübarizə aparmaq üçün Azərbaycana həkim briqadası göndərib

Rusiyanın Səhiyyə Nazirliyi bu gün Azərbaycana koronavirus infeksiyasına yoluxmuş şəxslərə tibbi yardımın təşkilində kömək məqsədilə Seçenov adına Birinci Moskva Dövlət Universitetinin həkimlərini göndərib.

SəhərAzeri Sputnik-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti  məlumat yayıb.

Məlumatda deyilir ki, həkimlər qrupu Bakıya Azərbaycandakı mürəkkəb epidemioloji durum ilə əlaqədar hökumətin müraciəti ilə uçub.

Həkimlər briqadasına beş mütəxəssis, o cümlədən revmatoloq, epidemioloq və pulmonoloqlar daxildir. Qrupa Seçenov Universitetinin pulmonologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş ştatdankənar pulmonoloqu Sergey Avdeyev başçılıq edir. 

Seçenov Universitetinin həkimləri ilə yanaşı, Bakıya Rusiyada yaşayan və işləyən 17 könüllü həkim də gəlir. Onların sırasında Moskva, Odintsovo və Norilskdəki tibbi müəssisələrin işçiləri də var.

Rusiyalı mütəxəssislər respublikada epidemioloji siruasiyanın sabitləşdirilməsi məqsədilə Azərbaycanın tibb işçiləri ilə məsləhətləşmələr aparacaq, ölkənin xüsusi problemli bölgələrində tibbi xidmətin göstərilməsinin təşkilinə yardım edəcək, COVID-19-un ambulator və hospital mərhələlərində müalicəsinə dair təcrübələrini bölüşəcəklər.

 

 

Teqlər