Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində közərən müharibə alovu
Daily Storm: Bakı və İrəvan müharibəyə hazırlaşırlar
"Hər iki tərəf var qüvvəsilə hərbi əməliyyatlara hazırlaşır.Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yenə təhlükə altındadır."
Səhər Azəri bildirir ki, bu fikirlər Rusiyada nəşr olunun Daily Storm qəztinin yaydığı məqalədə yer alır.
Məqalədə deyilir: Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda Ermənistanla sərhəddə baş vermiş hərbi toqquşmalardan sonra sözdən hərəkətə keçib. O imitasiya naminə danışıqlarda iştirak etməyəcəyini vurğulayıb.
Bu il Azərbaycan prezidenti Qarabağla bağlı dəfələrlə sərt bəyanatlar verib. O, Ermənistanı danışıqlar prosesini pozmaqda ittiham edir. Yerli telekanallara müsahibəsində ölkə lideri deyib ki, “danışıqlar faktiki olaraq getmir”, Azərbaycan yalnız görüntü xatirinə danışıqlarda iştirak etmək niyyətində deyil.
Bundan əlavə artıq həm Bakı, həm də Yerevan ehtiyyatda olan hərbçilərinin səfərbərliyini elan edib. Üstəlik, minlərlə insan könüllü olaraq cəbhəyə yazılıb.
Nəşr qeyd edir ki, İlham Əliyevin Ermənistana münasibəti bu yay dəyişib. İki ölkənin sərhədində baş vermiş üçgünlük döyüşlərdən sonra onun ritorikası daha da sərtləşib. Həmin döyüşlərdə hər iki tərəfdən hərbçilər, o cümlədən yüksək rütbəli zabitlər həlak olub. Bundan sonra Azərbaycan əhalisi hakimiyyətdən təcili səfərbərlik elan olunmasını, Dağlıq Qarabağın qaytarılmasına hazırlıqlara başlanılmasını tələb edib.
Sentyabrın 15-də Ermənistan ehtiyyatda olan hərbçiləri təlimə çağırıb. Təlimlər üç ay davam edəcək. Artıq 800 nəfər cəbhəyə getmək istəyini ifadə edib. Sentyabrın 21-də isə Azərbaycan da təlim-məşq toplantısı elan edib və səfərbərliyin elə ilk günündəcə 10 mindən artıq insan könüllü yazılıb.
“Daily Storm” öz mənbəsinə istinadən xəbər verir ki, indi Azərbaycan hərbçiləri döyüş maşınlarını çətin keçilən əraziləri keçmək üçün hazırlayır. Ehtiyyatdan çağırılanlar isə tank sürmək və hədəflərə atəş açmaq təlimləri keçir. Həmçinin azərbaycanlılar sosial şəbəkələrdə valideynlərin oğullarını orduya necə yola saldıqlarını göstərən videolar paylaşır. Bir yandan alqış səsləri, bir yanda da övladlarını qucaqlayıb sağollaşan insanlar. Sanki onları müharibəyə yollanırlar...
Bu arada düşmənçilik edən dövlətlərin Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə apardığı danışıqlar hələlik nəticə vermir. Vaxtaşırı olaraq sərhəddə baş verən gərginlik danışıqları pozur.
Bu ittihamların fonunda artıq Dağlıq Qarabağ ətrafında mübahisənin dinc yolla həllinə hətta tanınmamış Dağlıq Qarabağ Respublikasının lideri Araik Harutunyan belə, inanmır. O, hesab edir ki, daha Bakı ilə hansısa razılaşmanın müzakirəsi mənasızdır və artıq danışıqlara deyil, müharibəyə hazırlaşmaq lazımdır.
Müəllif sonda bildirir ki, Yerevan üçün danışıqlar tanınmamış respublika status-kvosunu saxlamaq üçün vasitədir. İlham Əliyev isə Yerevanı bu imkandan məhrum etmək istəyir. O deyir ki, Ermənistan üçün hadisələrin iki inkişaf variantı var: ya Dağlıq Qarabağ sülh yolu ilə qaytarılacaq, ya da Azərbaycan bunu hərbi yolla edəcək.