Okt 03, 2020 15:56 Asia/Baku
  • Azərbaycan Müdafiə Nazirliyi Qarabağ müharibəsinin son vəziyyəti barədə məlumat yayıb

Azərbaycan Müdafiə Nazirliyi ötən axşam yaydığı bəyanatda bildirib ki, döyüşlərdə Ermənistanın xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.

 

SəhərAzəri xəbər verir, oktyabrın 2-də həmçinin Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Ümumilikdə sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək Ermənistanın 230-dək tank və digər zirehli texnikası,  250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri və minaatanları, 38 ədəd hava hücumundan müdafiə vasitələri; 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;  7 silah-sursat anbarı; 130-dan artıq avtomobil texnikası və 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib. 

Bu arada məlumat verilir ki, Azərbaycanın yaşayış məntəqələrinin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması davam edir. Qarşı tərəf artıq Ermənistan ərazisindəki taktiki raketlərdən Azərbaycanın yaşayış məntəqələrinə atəş açmağa başlayıb.

Dünən səhər tezdən erməni silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini bir neçə istiqamətdən artilleriya atəşinə tutub. 

Ermənistanın Azərbaycandakı mülki şəxslərə qarşı taktiki silah istifadə etməsi barədə də məlumat verilir. 

Bununla əlaqədar Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrini ittiham edib ki, onlar Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə alırlar. 

Bəzi məlumatlara görə, təkcə ötən gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb.

Hikmət Hacıyev deyib ki, bu, vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir. Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

O, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirlərinin həyata keçiriləcəyini deyib.

Ən son məlumata əsasən, oktyabrın 2-də Azərbaycan Ordusu Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və hazırda bu məntəqəni nəzarətdə saxlayır.

 

Teqlər