Azərbaycan Respublikasının prezidenti:
"Əgər Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq"
"Biz düşünürük ki, ABŞ, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış prinsiplər həll üçün əsas olmalıdır".
SəhərAzəri xəbər verir, Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “CNN International” televiziya kanalının “Connect the World” verilişində deyib.
Əliyev "Siz Moskvanın sülh danışıqları üçün müraciətini səciyyələndirməyə hazırsınızmı?" Sualın cavabinda deyib:
"Biz sülh danışıqlarının tərəfdarıyıq. İcazə versəniz, sizə cəmi iki misal gətirərdim. Azərbaycan danışıqlar masasında konstruktiv tərəfdaşdır. Biz düşünürük ki, ABŞ, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış prinsiplər həll üçün əsas olmalıdır. Ermənistan prezidenti bunları rədd edir. Üzr istəyirəm, Ermənistanın baş naziri bunları rədd edir. Çünki Ermənistanda hakimiyyətdə olan və mənim danışıqlar apardığım şəxs prezident deyil, baş nazirdir. Beləliklə, o dedi ki, “Qarabağ Ermənistandır”. Bu, danışıqları mənasız edir. Siz necə “Qarabağ Ermənistandır” deyə və əraziləri geri qaytarmaqla bağlı danışıqlar apara bilərsiniz? O dedi ki, Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatın dəyişməsidir. Əgər Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq".
Əliyev əlavə edib: "Bizdə 28 ildir ki, beynəlxalq vasitəçilik var. ATƏT-in Minsk qrupu 1992-ci ildən bu yana 28 ildir ki, faktiki olaraq passiv formada “fəaliyyət” göstərir. Bu vasitəçilik heç nəyə gətirib çıxarmadı. Bu vasitəçilik bu gün baş verənlərə gətirib çıxardı. Bu vasitəçilik Ermənistanı onlara məxsus olmayan əraziləri tərk etməyə məcbur etmək üçün yetərli olmadı".