Hikmət Hacıyev: "Əgər cinayət varsa, cəza da olmalıdır"
"Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və bu ölkənin əməllərinin qınanmaması Ermənistanı yeni cinayətlər törətməyə sövq edir".
SəhərAzəri Baki mediyalarina istinadən xəbər verir, bunu diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Gəncədə keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, səfərin məqsədi Ermənistanın Azərbaycan xalqına, Gəncə sakinlərinə qarşı törətdiyi hərbi cinayətlər barəsində yerində tanış olmaq, bu faktları əyani şəkildə görməkdən ibarətdir: “Real faktlar ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri Ermənistan ərazisində olan hərbi hissələrdən və raket-artilleriya bazalarından Azərbaycanın şəhərlərinə hücumlar həyata keçir.
Oktyabrın 4-dən Gəncəyə raket hücumları başlayıb, nəticədə də mülki insanlar arasında yaralananlar və həyatını itirənlər var. Bir həftə öncə belə bir xəyanətkar hücum həyata keçirilmişdi, Gəncədə əhalinin sıx məskunlaşdığı ərazi “SCUD” tipli ballistik raketlə vurulmuşdu. Növbəti belə hücum bu gecə oldu. Mülki obyektlər və evlər dağılıb. Ən böyük faciə odur ki, mülki şəxslər ölüb, onların arasında uşaqlar da var. Bu ərazilərdə hər hansı bir hərbi baza yerləşmir. Ermənistan yalnız mülki şəxsləri hədəf alır. Beynəlxalq hüquqa əsasən, Ermənistanın bu əməlləri müharibə cinayətidir, mülki insanlara qarşı terrordur. Bu, 1992-ci ilin Xocalı faciəsindən sonra Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və soyqırımının başqa məzmunda həyata keçirilməsidir. Beynəlxalq ictimaiyyəti bu əməlləri kəskin şəkildə qınamağa çağırırıq.
Əgər cinayət varsa, cəza da olmalıdır. Bu dövlətlərarası münasibətlərdə təmin olunmalıdır. Biz təəssüf hissi ilə qeyd edirik ki bu günə qədər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə münasibətdə beynəlxalq hüququn aliliyi təmin olunmayıb”.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.
İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb. Həlak olanlardan 3-ü uşaqdır.
Ermənistan ordusunun oktyabrın 10-da Gəncəyə raket hücumu nəticəsində isə 10 dinc sakin ölüb, 40-dan çox insan yaralanıb. Üç uşaq hər iki valideynini itirib.