İrandan Azərbaycana böyük dəstək-ŞƏRH
İran İslam İnqilabı Rəhbərinin işğal edilmilş bütün torpaqların Azərbaycana qaytarılmasını tələb etməsi qardaş ölkədə böyük dəstək kimi qiymətləndirilir.
SəhərAzəri xəbər verir, Bakıda nəşr olunan Yeni Müsavat qəzeti bu barədə yazır: İran İslam Respublikasından Azərbaycana ən yüksək səviyyədə verilən dəstək rəsmi Bakı tərəfindən təqdir olunub. Həmçinin Azərbaycan xalqı müsəlman qonşumuzun Ali Rəhbəri və prezidenti tərəfindən ərazi bütövlüyümüzlə bağlı birmənalı mövqe ifadə olunmasını məmnunluqla qarşılayıb.
Ali Rəhbər Həzrət Ayətullahül-uzma Seyid Əli Xamenei bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycanın bütün ərazilərini Azərbaycana qaytarmalıdır. Azərbaycan əraziləri işğaldan azad edilməlidir, bu torpaqlar Azərbaycana məxsusdur və Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdır.
İran prezidenti də ortaya qəti və prinsipial mövqe qoyub. “Ərazi bütövlüyünün təmin olunması Azərbaycan xalqının hüququdur”.
Qəzet qeyd edir ki, Ali Rəhbər və İran prezidenti tərəfindən ərazi bütövlüyümüz və suverenliyimizin müdafiə olunması, sərhəd toxunulmazlığının bərqərar olunması barədə konkret mövqeyi işğalçı Ermənistana “tərs şillə” kimi qiymətləndirilə bilər. Təsadüfi deyil ki,Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Ayətullahül-uzma Xameneinin bəyanatından sonra münaqişə ilə bağlı ədalətli mövqe sərgilənməsinə görə İran rəhbərliyinə təşəkkür edib.
Yeni Müsavat xatırladır ki, prezident İlham Əliyev İran İslam Respublikası prezidentinin xüsusi nümayəndəsi Seyid Abbas Əraqçını qəbulu zamanı İranın xoş məramına yüksək qiymətləndirmişdir.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, İranın mövqeyi kifayət qədər qənaətbəxş və haqqın, obyektivliyin tərəfində olan mövqedir. İran rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını dəfələrlə bəyan ediblər. Həmçinin bütün erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb etdilər. Bu, çox müsbət haldır. İranın mövqeyinin bizim üçün əhəmiyyətli olduğunu xüsusilə qeyd etməliyik. Çünki İran Türkiyə ilə birlikdə bölgənin ən böyük dövlətlərindən biridir. İran beynəlxalq proseslərə təsir gücü olan dövlətdir. Həm də Tehran danışıqlar prosesində iştirak etmək, tərəf olmaq istəyir. Bu ölkənin rəhbərliyinin verdiyi bəyanat, Azərbaycan torpaqlarının erməni əsgərlərindən təmizlənməsi ilə bağlı dövlət rəhbərliyindən gələn mövqe bizi çox fərəhləndirir. Əmin etmək istəyirəm ki, onların etdiyi hərəkətlər Azərbaycan xalqının yadından çıxmayacaq və Azərbaycan-İran münasibətləri bundan sonra daha da inkişaf edəcək.
Q.Hüseynli qeyd edib ki, İranın birmənalı şəkildə torpaqların azad olunmasını tələb etməsi ilə Ermənistan bölgədə təkləndiyini nümayiş etdirdi. Çünki İran Qarabağla bağlı nöqtəni qoydu və “Qarabağ Azərbaycandır” dedi.