Noy 26, 2020 14:43 Asia/Baku
  • Fransanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Bu gün Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən Fransanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.

SəhərAzəri Apa-ya istinadla xəbər verir, aksiya iştirakçılar ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə", "Fransa ATƏT-dən rədd ol!" kimi şüarlar səsləndiriblər.Aksiyaçılar hazırlanmış bəyanatı oxuyublar.

Bəyanatda bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya kölgə salır: "Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə göz yumması, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizm riyakarlığı və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi.

Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyir və ləğv edilməsini tələb edirik. Senatın bədnam qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik".

Etirazçılar Fransa Senatının qəbul etdiyi qətnaməni BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkə adlandırıblar. Onlar vurğulayıblar: "Fransa ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etsin, Parisdəki səfirimiz geri çağırılsın".

Bəyanatı "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı", Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti", "Gənc Vətənpərvərlər" və digər qeyri-hökumət təşkilatları imzalayıblar.

Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə bu ölkə hökumətini qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.

Teqlər