Rusiya Xankəndidə modul tipli şəhərciklər salır
Rusiya müdafiə naziri bildirib ki, gələn ilin aprel ayına kimi sülhməramlıları yerləşdirmək üçün Azərbaycan Respublikasının Xankəndi şəhərində 32 müasir modul tipli şəhərcik salınacaq.
SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu bildirib: "Noyabrın 10-dan bəri üçtərəfli razılaşmaya uyğun olaraq, Rusiya hərbi kontingenti Dağlıq Qarabağ ərazisində əməliyyatları uğurla davam etdirir. Ən qısa müddətdə Rusiya qoşun birləşmələri təyin olunmuş ərazilərdə yerləşdirilib və 23 müşahidə məntəqəsində tapşırıqları yerinə yetirməyə başlayıb. Bu günə qədər heç bir ciddi insidentə yol verilməyib".
Nazirin sözlərinə görə, Laçın dəhlizi boyunca mülki nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunur. Bundan başqa, Rusiya sülhməramlılarının rəhbərliyi altında "hamının hamıya" prinsipi ilə Ermənistan və Azərbaycan arasında hərbi əsirlərin mübadiləsi aparılıb. Bu əməliyyat çərçivəsində meyitlərin mübadiləsi də həyata keçirilib.
Şoyqu əlavə edib: "Mülki şəxslər tamamilə təhlükəsiz vəziyyətdə yaşadıqları ərazilərə qayıdır və evlərini bərpa edirlər. Onlara Sülhməramlı İdarəetmə Mərkəzinin hərbi qulluqçuları kömək edirlər. 14 noyabrdan bəri Rusiya sülhməramlıları 42 mindən çox qaçqının geri qayıtmasını təmin edib. Dağlıq Qarabağ ərazisi minalardan təmizlənir. Ümumilikdə 6 mindən çox partlayıcı obyekt zərərsizləşdirilib".
Rusiyalı sülhməramlılarını yerləşdirmək üçün Azərbaycan Respublikasının Xankəndi şəhərində 330 nəfərlik iki müasir modul tipli şəhərciyinin salındığını deyən müdafiə naziri bildirib ki, gələn ilin 1 aprel tarixinə qədər daha 32 belə şəhərcik salınacaq. Rusiya Müdafiə naziri qeyd edib: "Nəticədə, sülhməramlı kontingent üçün rahat xidmət göstərmək və yaşamaq üçün şərait yaradılacaq".